Polisə gətirilən şəxs oradan xərəkdə çıxdı

27 apreldə Sumqayıtda məhəllədə mübahisə düşüb. Zöhrə xanım deyir ki, oğlu dalaşanları ayırmaq istəyəndə polis onu tutub bölməyə aparıb. Sumqayıt şəhər 4-cü polis bölməsinə gətirilən Rəşad Mehdiyev oradan xərəkdə çıxıb. 37 yaşlı  Rəşadı bölmədən Travmatologiya İnstitutunun reanimasiya şöbəsinə aparıblar və orada vəfat edib. “Oğlum komada idi. Onu polislər döyüblər, beyninə qan sızıb. Nə qədər elədik, uşaq ayılmadı”-mərhumun anası Zöhrə Mehdiyeva deyir.

Hadisə şahidləri valideynlərə danışıb ki, polis  Rəşad Mehdiyevi saxlayanda onu vurub. Mərhum qıcolma xəstəliyindən əziyyət çəkib. Bu ilin martında xəstəliyinə görə müalicə də alıb.  Mehdiyev nə polis bölməsinə gətirilərkən, nə də ona Təcili Tibbi Yardım çağırılarkən adı qeydiyyat kitabçasına salınıb. Onun polis bölməsində olması ilə bağlı valideynlərinə də məlumat verilməyib. “ Hadisəyə şahidlik edən adamlar var. Onlar deyirlər ki, polisə bu uşağın xəstəliyinin olduğun deyiblər. Polisdən Rəşadı tutmamağını istəyiblər. Polis deyib, elə eləyərsiniz sizi də içəri salaram. Rəşadın əlin qandallayıb vurublar. Görən olub, yanları, böyrəkləri nə gündə imiş… Bəs belə vəhşicə döyərlər?! Onu apar 15 sutka ver,  niyə vurursan?!”

Mayın 4-də Zöhrə Mehdiyevanı Daxili İşlər Nazirliyində qəbul ediblər. Nazirlikdən valideynə bildiriblər ki, onlar ölüm faktını araşdırırlar. Nəticələri ilə bağlı ailə üzvlərinə məlumat verəcəklər.

Sumqayıt şəhər Prokurorluğunda hadisə ilə bağlı cinayət işi açılıb. Mərhumun yaxınlarından, Sumqayıt Polis İdarəsinin bir neçə əməkdaşından izahatlar alınıb.

Məhkəmə tibbi ekspertizasının nəticələri mayın 22-də açıqlanacaq.

Valideynin isə bir istəyi var, oğlunun vəfatında günahkar olanlar cəzalandırılsın.

“Onlar yaxşı adam olsaydılar, mənim qapıma gəlib üzr istəyərdilər. İstəyirəm cəzaların çəksinlər. Oğlumu nə günə qoyublar görənlər bilir. Qoy cəzaların çəksinlər, heç nə istəmirəm”.

Mediada gedən məlumatlara əsasən son 5 ildə Azərbaycanda 13 nəfər polis bölmələrində müəmmalı şəkildə dünyasını dəyişib.

Ana səhifəVideoPolisə gətirilən şəxs oradan xərəkdə çıxdı