Polisə atəş açan rəisin həbsi tələb olunur

Ağstafa rayon prokurorluğunda düyünə düşən 160256012 nömrəli Cinayət İşi

Source:
Vasif Bağırov
Vasif Bağırov


Ağstafa rayon prokurorluğunda düyünə düşən 160256012 nömrəli Cinayət İşi

“Cinayət axtarış bölməsinin rəisi oğlumu öldürüb. Deyirlər, səhvən vurub, ona cəza düşmür. Ancaq bu səhv bir insan həyatının üstündən xətt çəkib, bir ailəni ağlar qoyub”.

Bunu Ağstafanın Göyçəli kəndinin sakini Sona Bağırova deyir. Sona xanımın 27 yaşlı oğlu Vasif Bağırov 4 il əvvəl polis sıralarına qəbul edilib. Ağstafa rayon polis şöbəsinin post-patrul xidmətində polis nəfəri kimi xidmət edib. Rütbəcə polis serjantı olub. 18 iyun 2016-cı il tarixdə gecə saatlarında həmin polis şöbəsinin cinayət – axtarış bölməsinin rəisi, polis mayoru Altay Rəfiyev öz xidməti silahından atəş açaraq Vasif Bağırova başından xəsarət yetirib. 4 gün sonra – iyunun 22-də yaralı polis Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib. Sona Bağırova deyir, o gün – bu gün, hadisəni törətmiş polis mayorunun cəzalandırılması üçün döymədiyi qapı qalmayıb. Yalnız onun daxili işlər orqanından xaric edilməsinə nail ola bilib. Bu isə anaya yetərli deyil. O, polis mayorunun həbs olunmasını tələb edir:

“Birinə səhvən bir sillə vuranda, cəzası 7-8 illik həbs olur, bu boyda adam ölüb, deyirlər, rəisin əməlində cinayət tərkibi yoxdur. Belə çıxır ki, rəis gözünü yumub kimi istəsə vura bilər, əsas odur ki, bunu əməliyyat vaxtı etsin, məsuliyyətdən azaddır. Axı Ramil Usubov özü də etiraf etdi ki, polis mayoru günahkardır və onu daxili işlər orqanından uzaqlaşdırdı. Cəza elə bundan ibarət idimi? İlyarımdır bu adamı kim himayə edir?”

Ölümə səbəb olay…

Hər şey ondan başlayır ki, Ağstafanın Dağkəsəmən kənd sakini Tahir Ayralov uzunmüddətli həbsdən buraxılır və kəndə qayıdaraq qardaşı Sabir Ayralovdan mərhum atasından qalmış əmlakın bərabər bölgüsünü tələb edir. Tələbi yerinə yetirilmədikdə 2016-cı ilin mayında özünə düşən pay hissəsini yandırır. Sabir Ayralov yaxın qohumunun evinə köçməli olur. Lakin qardaşı tərəfindən bu evin də yandırılacağı barədə təhdid olunur. Bundan sonra rayon polis şöbəsi Sabir Ayralovun qaldığı evin ətrafında post qurmalı olur. Tahir Ayralovun tutulması üçün yaradılan axtarış-əməliyyat qrupuna şöbənin cinayət-axtarış şöbəsinin rəisi Altay Rəfiyev rəhbərlik edir. PPX-nın polis nəfəri, polis serjantı Vasif Bağırov da qrupa daxil edilir və evin ətrafındakı posta çıxanlardan biri də o olur. 2016-cı il, iyunnun 18-də gecə saatlarında evin yanındakı postda xidmət apararkən qəfil güllə səsləri eşidilir. Səsə toplaşanlar Vasif Bağırovu yerə yıxılmış vəziyyətdə, qan içərisində görürlər. Məlum olur ki, onu axtarış-əməliyyat qrupunun rəhbəri Altay Rəfiyev öz xidməti silahıyla başından vurub.

Vasif Bağırov
Vasif Bağırov

Fakt üzrə cinayət işi açılır

Yaralı polisi əvvəlcə rayon mərkəzi xəstəxanasına götürürlər. İyunun 19-da onu həmin xəstəxanadan Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasına köçürürlər. Bütün tibbi müdaxilələrə baxmayaraq, Vasifi həyatda saxlamaq mümkün olmur.

Bu fakt üzrə Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanır. Lakin cinayət işinə üç dəfə xitam verilir. Bu qərarlar Vasif Bağırovun ailəsini qane etmədiyindən anası Sona xanım hər dəfə qərarın ləğvi üçün müvafiq instansiyalara müraciət edir:

“Hər dəfə mən müraciət edəndən sonra xitam qərarı ləğv edilir, cinayət işinin istintaqı yenə Ağstafa Prokurorluğuna tapşırılır. Yenə süründürürlər, qısa müddətdən sonra yenə işə xitam verirlər. Olur köhnə hamam, köhnə tas… İl yarımdır polis, prokurorluq qapılarında qalmışam. Deyirlər, arxası möhkəmdir, ana, bata bilməzsən ona… Deyirlər, qaranlıqda bir-birlərini tanımayıblar, bir-birlərinə atəş açıblar. Bunun günahı kimdədir? Əməliyyatı quran rəhbərdə… Onun səhvi, məsuliyyətsizliyi üzündən 27 yaşlı oğlumu torpağa vermişəm. Balası yetim qalıb, bir ailənin işığı sönüb, gənc gəlin gözüyaşlı qalıb. Bunun bədəlini ödəyən olacaq, ya yox?”

Tahir Aylarov zənn etdim

Xitam qərarlarının ləğvi ilə bağlı keçirilmiş məhkəmə iclaslarında Ağstafa RPŞ-nin polisləri şahid kimi dindirilib. Məsələn, polis nəfəri Əsgər Əliyev məhkəməyə deyib ki, həmin gecə Vasif Bağırovla evin qarşısında qurulmuş postun yaxınlığında olublar. Vasifin əlində fənər olub, ondan ayrılaraq posta tərəf gedib. 5 dəqiqə keçməmiş Altayın durduğu yerdən 3-4 güllə səsi eşidib, dərhal ora qaçıb. Həmin əraziyə getdikdə Vasif əlində olan fənərlə yerdə uzanmış vəziyyətdə olub. Altayı isə Vasifdən aralıda əlində silahda dayanmış görüb. O, Altaydan nə baş verdiyini soruşub. Altay ayaq səsləri eşitdiyini, Vasifin ona cavab verməyərək atəş açdığını, o da Vasifi axtarışda olan şəxs zənn edərək ona tərəf atəş açdığını deyib.

Bəs Altay Rəfiyev özü nə deyib? Xitam qərarlarında onun da ifadəsi var. O, istintaqa bildirib ki, gecə saat 2 radələrində bir nəfərin mühafizə olunan evə tərəf gəldiyini görüb. Qaranlıq olduğundan həmin şəxsin ona yaxınlaşmasına təxminən 7-8 metr qalmış “kimsən, dayan” əmrini verib. Həmin adamdan səs çıxmadıqda Əsgər adlı polis olduğunu zənn edərək bu dəfə “Əsgər, sənsənmi” deyə soruşub. Yenə səs çıxmadıqda gələn adamın axtarışda olan Tahir Ayralov olduğunu zənn edib. Bu zaman həmin şəxs ona tərəf bir neçə dəfə atəş açıb. O da cavab olaraq Tahir Ayralov zənn etdiyi şəxsə tərəf atəş açıb. Yerə yıxılan şəxsə yaxınlaşıb mobil telefonun işığını üzünə tutanda onun Vasif Bağırov olduğunu və güllənin başından dəydiyini görüb.

Ramil Usubovun qəbulunda…

Nəhayət, ana uzun çabalardan sonra daxili işlər naziri Ramil Usubovun qəbuluna düşə bilir:

“Məni aldadırdılar ki, guya o rəisi işdən çıxarıblar. Sonra öyrəndim ki, nazirin sərəncamındadır. Yəni ara sakitləşəndən sonra yenə polisə qayıdacaq. Mən də birtəhər nazirin qəbuluna düşdüm. Ramil Usubov məni dinlədi, polis mayorunun günahkar olduğunu bildirdi. Dedi: “Xanım, mən onu bu gündən daxili işlər orqanlarından xaric edirəm, vəzifəmə düşən budur, cəzalandırılması üçün get, prokurorluğa çök”.

Baş prokurorla görüş müşkülə düşüb

Nazirlə görüşdən qısa müddət sonra – bu ilin martında DİN-dən Sona Bağırovaya məktub gəlir. Məktubda qeyd olunur ki, sərəncamda olan polis mayoru Altay Rəfiyev Ağstafa RPŞ CAB-ın rəisi vəzifəsində xidmət edərkən, axtarışda olan Tahir Ayralovun yaxalanması üzrə keçirilmiş tədbir zamanı tutduğu mövqe barədə əməkdaşları məlumatlandırmayıb. Nəticədə həmkarı, polis serjantı Vasif Bağırovla bir-birlərinə qarşılıqlı atəş açıblar. Vasif Bağırov həmin vaxt aldığı güllə yarasından ölüb. Buna görə də DİN-in müvafiq əmrilə Altay Rəfiyev daxili işlər orqanlarında xidmətdən xaric edilir.

Ananın iddialarına görə, prokurorluq orqanı keçmiş CAB rəisini cəzalandırmaqda maraqlı deyil. O, ötən ay Baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda olsa da, müraciəti nəticəsiz qalıb. Baş prokurorun qəbuluna düşmək isə müşkülə çevrilib.

Altay Rəfiyev
Altay Rəfiyev

Ağstafa Rayon Prokurorluğundan bildirilib ki, sonuncu xitam qərarı bu ilin oktyabrında çıxarılıb. İstintaq orqanının qənaətinə görə, Altay Rəfiyev ona tərəf açılan güllələrdən qorunmaq üçün – yəni özünü müdafiə məqsədilə qarşı tərəfə atəş açıb, onun bu əməlində cinayət tərkibi yoxdur. Lakin sonuncu xitam qərarı da bu il noyabrın 20-də Ağstafa rayon Məhkəməsi tərəfindən ləğv edilib. Və hazırda 160256012 nömrəli Cinayət İşi üzrə istintaq davam etdirilir.

Noyabrın 20-də sonuncu xitam qərarını ləğv edən məhkəmə qərarında qeyd olunub ki, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmayıb. Dəlil və faktlara hüquqi qiymət verilməyib. Üzləşdirmə və digər aidiyyəti istintaq hərəkətləri tam aparılmayıb.

Hüquqşünas Namizəd Səfərov deyir, Vasif Bağırovun ailə üzvləri Ağstafa Rayon Prokurorluğunda aparılan istintaqda hər hansı marağın olmasından şübhəlidilərsə, Baş prokurora müraciət etməlidilər. İstintaqın həmin prokurorluqdan alınaraq başqa rayon prokurorluğunda, yaxud Baş Prokurorluğun istintaq idarəsində davam etdirilməsini xahiş etməlidilər.

Meydan TV Altay Rəfiyevlə əlaqə saxlaya bilməyib.

Ana səhifəXəbərlərPolisə atəş açan rəisin həbsi tələb olunur