Səbuhi Quliyev

Mənbə: Meydan TV

Başlıq: Səbuhi Quliyev

“Polisdə məni telefonla çəkərək, soyunmağımı tələb etdilər”

Məqalə yeniləndi:  27 Avqust 2020

Göyçay sakini: “Prezidentdən və nazir Vilayət Eyvazovdan məsələyə müdaxilə etmələrini xahiş edirəm”

“Bölmədə başçıya qarşı hörmətsiz davrandığımı, sözünü yerə saldığımı deyib, məni iki dəfə möhkəm döydülər, dişimi qırdılar. Məni telefonun kamerası ilə çəkərək soyunmağımı tələb etdilər. Orda bir polis işçisi var, dartıb köynəyimi əynimdən çıxartdı. Aşağılayıcı hərəkətlər etdilər. İndi də çəkdikləri video ilə məni şantaj edirlər”.

Bunu Meydan TV-yə Göyçayın Qaraməryəm kənd sakini Səbuhi Quliyev danışır.

Bir neçə ay əvvəl Səbuhi Quliyev sosial şəbəkələrdə yaşadığı kənddəki dönərxanada kustar üsulla düzəldilmiş qaz balonundan istifadə olunduğunu, bunun da faciəyə səbəb ola biləcəyini yazıb. Dönərxananın sahibi də ondan elə həmin kənddə yaşayan bir ailəyə şikayət edib. Dediyinə görə, həmin ailənin üzvləri bu il, aprelin əvvəlində Səbuhi Quliyevi döyüb, idarə etdikləri maşını üstünə sürərək bədən xəsarətləri yetirib. Həmin vaxt Səbuhi Quliyev Meydan TV-yə müraciət edərək başına gələnlərin işıqlandırılmasını istəmişdi. Bildirmişdi ki, hadisə DYP-nin Qaraməryəm kəndi ərazisindəki kamerasına dü düşüb. Buna baxmayaraq Göyçay polisi qarşı tərəfin cəzalandırılması üçün heç tədbir görmür, az qala zərərçəkmişin özünü günahkar çıxarır. Meydan TV də vətəndaşın problemini işıqlandırmışdı. Səbuhi Quliyev hazırda redaksiyamıza təkrar müraciət edib. Bildirib ki, başına gələnlər Meydan TV tərəfindən işıqlandırılandan bir müddət sonra rayonun icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə və qarşı tərəfin bir nümayəndəsini yanına çağıraraq ondan qarşı tərəflə barışmasını tələb edib.

“Rəisə dedi, göndərirəm yanına, barışıq ərizəsi yazsınlar”

“Təxminən iyun ayının əvvəli idi, icra nümayəndəsi gəlib dedi ki, başçı səni çağırır. Getdim, gördüm ki, qarşı tərəfdən Fuad Qasımov da başçının yanındadır. Həmin adam məni döyən 5 nəfərdən biridir, həm də maşını üstümə sürən şəxsdir. Başçı dedi, indiyədək aranızda nə baş verib, qaldı keçmişdə. Fuada dedi, Səbuhidən üzr istə, Fuad məndən üzr istədi, sonra da dedi, üzündən öp, Fuad yaxınlaşıb üzümdən öpdü. Sonra başçı dəstəyi götürüb Göyçayın polis rəisinə zəng vurdu, dedi, o işi bağla getsin, bunları barışdırdım, indi göndərirəm, gəlib barışıq ərizəsi yazacaqlar, Səbuhi Quliyev də şikayət ərizəsini geri götürəcək. Mən də səsimi çıxarmadım ki, başçının dediyinə qarşı çıxsam, elə otağındaca məni şərləyərlər. Binadan çıxdım və polis şöbəsinə yox, evimə getdim”, - şikayətçi deyir.

“Başçının otağından çıxandan bir neçə gün sonra şərləndim”

Səbuhi Quliyevin sözlərinə görə, təxminən 20 gün sonra rayonun kənd təsərrüfatının rəisi zəng vuraraq onunla nahar etmək istədiyini bildirib. Elə nahar zamanı polis əməkdaşları kafeyə tökülüşərək onu həbs edib:

"Anladım ki, masamıza yaxınlaşan adam “indi stolu başına çevirəcəm” kimi sözlər deməklə..."

"Anladım ki, masamıza yaxınlaşan adam “indi stolu başına çevirəcəm” kimi sözlər deməklə..."

Mənbə: Meydan TV

İyunun 17-də zəng vurdu, dedi, axşam görüşək, bir tikə çörək kəsək, səninlə söhbətim var. Düşündüm ki, yəqin kənd təsərrüfatı ilə bağlı nəsə təklifləri var, dedim, İsmayıllıda yaxşı bir kafedə yemək yeyək, dedi yox, elə Göyçayın içində görüşək. Axşam getdim, elə bizim kənddə bir kafedə görüşdük, gördüm ki, yanında Göyçayın polis şöbəsində işləyən iki polis əməkdaşı da var, dedi, dostlarımdır. Elə bir az oturmuşduq ki, bir də gördüm məni döyən adamların bir yaxını mənə yaxınlaşdı, dedi, sən mənim 90 yaşlı anamın şəklini “Facebook”-da paylaşmısan. Dedim, mən sənin ananı heç həyatda bircə dəfə də görməmişəm, o ki qala şəklini çəkib paylaşam. Bir də baxdım ki, məni döyən və şikayətçi olduğum beş nəfər də kənarda dayanıb, məni telefonun kamerası ilə çəkirlər. Anladım ki, masamıza yaxınlaşan adam “indi stolu başına çevirəcəm” kimi sözlər deməklə, qışqırmaqla məni təxribata çəkir ki, ona əl-qol atım. Əlimi telefonuma atdım ki, 102-yə yığım, şikayətimi bildirim. Elçin dedi, lazım deyil, özüm burdayam, görürəm ki, səni şərləmək istəyirlər, özüm polis rəisinə də, rayonun rəhbərliyinə də bildirəcəm. Beş dəqiqədən sonra kafenin qarşısında post-patrul maşını dayandı, o adamı da, məni də maşına basıb polis şöbəsinə apardılar”.

“Polis şöbəsində iki dəfə döydülər, dişimi qırdılar”

Səbuhi Quliyev deyir, həmin adam cərimələnərək şöbədən buraxılıb. Onu isə məhkəmə qarşısına çıxarıblar:

“Bölmədə başçıya qarşı hörmətsiz davrandığımı, sözünü yerə saldığımı deyib, məni iki dəfə möhkəm döydülər, dişimi qırdılar. Aşağılayıcı hərəkətlər etdilər. İndi də çəkdikləri video ilə məni şantaj edirlər. Nə isə, bu biabırçılıqlardan sonra İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələrini yüklədilər boynuma, protokol tərtib edib apardılar məhkəməyə. Hakimə nə qərar verəcəyini hələ bilmirdi, gözümün qarşısında hakimə zəng gəldi, həmin zəngdən sonra 8 sutka həbs kəsdi”.

"Mənə də aradabir xəbər göndərirlər ki, icra başçısına, polisə puldan verib, sənə yaşamağa imkan verməyəcəyik"

"Mənə də aradabir xəbər göndərirlər ki, icra başçısına, polisə puldan verib, sənə yaşamağa imkan verməyəcəyik"

Mənbə: Meydan TV

“Rəis müavini dedi, “bir daş altdan, bir daş üstdən...”

Səbuhi Quliyev deyir, həbsdən buraxılarkən polis rəisinin müavini Fəxri Aslanov ona “bir daş altdan, bir daş üstdən, heç yerə şikayət yazma, bizə vaxt ver, sənin başına bu oyunu gətirənləri tezliklə cəzalandırıb içəri atacam”, - dedi. Mən də həbsdən çıxıb sakitcə işin sonunu gözlədim. Baxdım ki, nə qarşı tərəfin üstünə gedən var, nə də cazalandırılan... Həyatımı qara əskiyə bükmüş adamlar da öz kefli həyatlarını sürməkdədir. Mənə də aradabir xəbər göndərirlər ki, icra başçısına, polisə puldan verib, sənə yaşamağa imkan verməyəcəyik, polisdə çəkilən videonu sosial şəbəkələrdə yayacağıq, elə edəcəyik ki, kənddən öz xoşunla baş götürüb qaçacaqsan”.

Polis təkzib edir...

Göyçay Rayon Polis Şöbəsindən Səbuhi Quliyevin dedikləri təkzib olunub. Meydan TV-yə bildirilib ki, vətəndaş xırda xuliqanlığa və polisin qanuni tələbinə tabe olmadığına görə barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib, inzibati qaydada 8 sutkalıq həbs olunub. Polis şöbəsinə gətirildiyi və şöbədə saxlanıldığı müddətdə ona qarşı hər hansı qanunsuz hərəkət və fiziki zor göstərilməyib, hər hansı video çəkiliş aparılmayıb. Səbuhi Quliyevin şikayətçi olduğu Fuad Qasımov barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə qəsdən bədənə az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Səbuhi Quliyev isə ölkə başçısından və nazir Vilayət Eyvazovdan məsələyə müdaxilə etmələrini xahiş edir:

“Bilirəm ki, nazir polisin, prezident isə icra başçısının özbaşınalığının qarşısını alacaq. Sadəcə, yazdıqlarım gedib ünvana çatmır. Ona görə də istəyirəm ki, səsimi buradan çatdırım. Bilsinlər ki, bir ailənin üzvləri rayonun polis rəisindən tutmuş icra hakimiyyətinin başçısınadək satın alıb, istədiyi özbaşınalığı edir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 Avqust 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gucvr7

Ən çox baxılan