Polis şöbəsində ölən şəxsin bacısı: Kərim Əhmədovdan şikayətçi deyilik

Elmir Axundovla dalaşan şəxs həbs edilib

Source:
Elmir Axundov
Elmir Axundov


Elmir Axundovla dalaşan şəxs həbs edilib

Qazax Rayon Polis Şöbəsinə çağırılan və orada vəfat edən Elmir Axundovun işi ilə bağlı bir nəfər həbs olunub.

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat xidmətlərinin birgə açıqlamasında deyilir ki, hadisə ilə bağlı Elmir Axundovla dalaşmış Kərim Əhmədov saxlanılıb.

Elmir Axundovun həmin şəxsin şikayəti əsasında polisə çağırıldığı deyilir.

Açıqlamada deyilir ki, sentyabrın 25-də Qazax rayon Müalicə Diaqnostika Mərkəzindən rayon sakini Elmir Axundovun ölmüş vəziyyətdə təcili-tibbi yardım briqadası tərəfindən xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumat əsasında, dərhal rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib:

“Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, E.Axundovun anası sentyabrın 24-də rayon Prokurorluğuna müraciət edərək oğlunun rayon sakini Kərim Əhmədov tərəfindən döyülməsini bildirib. Müraciət əsasında E.Axundovun izahatı alınıb, barəsində məhkəmə-tibbi ekspertizası təyin olunaraq müayinə edilib və döyülmə nəticəsində bədənində xəsarətlər aşkar edilib.

Eyni zamanda qeyd edilən tarixdə K.Əhmədov da rayon polis şöbəsinə müraciət edərək E.Axundov tərəfindən döyüldüyünü bildirib. Bununla əlaqədar sentyabrın 25-də E.Axundov izahatının alınması məqsədilə polis şöbəsinə dəvət edilib və həmin gün saat 22 radələrində səhhətinin pisləşdiyi üçün Təcili-Tibbi Yardım Xidmətinə müraciət olunub, həkim briqadası polis şöbəsinə gələrək E.Axundovu ölmüş vəziyyətdə Diaqnostika Mərkəzinə aparıb”.

Açıqlamada deyilir ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib.

“Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülməklə hər iki qurumun məsul əməkdaşları Qazax rayonuna ezam olunub.

K.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, – açıqlamada qeyd edilir”.

Elmir Axundovun bacısı Ülviyyə Axundova hüquq-mühafizə orqanlarının yaydığı açıqlama ilə razı deyil:

“Mənim qardaşım bir yumruqla ölən oğul deyildi. Kərim Əhmədovla bir gün əvvəl dalaşmışdı, bu barədə də şikayət etmişdik. Amma ölüm məsələsində biz Kərimdən şikayətçi deyilik. Rəsmilər deyir ki, guya qardaşımın maşını olmayıb, halbuki o, 15 yaşından maşın sürürdü. Elə “Hundai Sonata” markalı maşını da hazırda polis şöbəsinin həyətindədi. Bir neçə polis Elmiri məhləmizdə sürüyüb maşından düşürüblər. Məhəlləmiz çınqıldı, onun bədəni çınqıl izləri ilə dolu idi. Sürüyüb basıblar polis maşınına. Hadisəni görən cavanlar var, amma qorxularından açıq danışmaq istəmirlər. Sonra aparıblar şöbəyə. Şöbədə KPZ-nin (müvəqqəti saxlama təcridxanası) rəisi Vüqar onun əllərini “skoç”layıb, Murad adlı şəxs onu döyüb. İndi polis şöbəsinin rəisi Ədalət Əliyev deyir ki, guya xəbəri olmayıb. Necə rəisdir ki, işdə baş verənlərdən xəbərsizdir?”

Ülviyyə Axundova deyir ki, yas mərasiminə qatılan cavanlar polis bölməsinə aparılır:

“Qardaşımın cibində 4 min manat olub, götürüblər. İndi nə o pulu qaytarırlar, nə də maşınını verirlər ki, satıb ehsan verim. Yasa gələn cavanları polisə çağırırlar ki, niyə cənazəni şöbənin qarşısına gətirmisiz. Onu şöbənin qarşısına mən aparmışam, çünki mənim qardaşımı orada polislər döyüb öldürüb. Adamları qəsdən qorxudurlar, qoymurlar yasa gəlsinlər. Ona görə də insanlar həqiqəti deməyə çəkinir ki, birdən ciblərinə narkotik atıb tutarlar”.

Elmir Axundovun ölümündən bir gün əvvəl “Polisə İctimai Dəstək” üzvü Kərim Əhmədovla dalaşdığı bildirilir. İşgəncələrə qarşı Azərbaycan Komitəsinin məlumatına görə, E.Axundov həmin şəxslə bağlı prokurorluğa, “Polisə İctimai Dəstək” üzvü isə iki dişini qırdığı üçün E. Axundovla bağlı polisə şikayət edib: “Polisə daxil olan şikayət əsasında şöbəyə çağırılan Elmir Axundov özünü pis hiss edib və dərhal xəstəxanaya aparılıb. O, xəstəxanada dünyasını dəyişib. Elmir Axundovun bədənindəki izlər isə dalaşdığı zaman aldığı xəsarətlər olub”.

Ana səhifəXəbərlərPolis şöbəsində ölən şəxsin bacısı: Kərim Əhmədovdan şikayətçi deyilik