”Polis şöbəsində məni ”qril” formasına salıb işgəncə verdilər”

“İndi də izahat yazdırmaq üçün oğurlamaq istəyirlər”

Source: meydan tv


Qaraçuxur sakini 32 saylı polis şöbəsində işgəncələrə məruz qaldığını deyir

“İşgəncələr dəhşətli idi, əlllərimlə ayaqlarımı bir-birinə bağlamışdılar, hər tərəfdən üstümə tökülüşüb “dubinkayla” vururdular”.

Qaraçuxur sakini Ruslan Cumayev Meydan TV-yə danışır ki, bu il martın 31-də gecə saatlarında Suraxanı Rayon Polis İdarəsinin 32 saylı polis şöbəsinin əməliyyatçıları onun yaşadığı ünvana gələrək, əl-qolunu qandallayıb bölməyə aparıblar. Orada ona işgəncə verərək baş vermiş bir oğurluq hadisəsinə görə sorğu-sual ediblər.


“Qandalladılar, sürüyüb bölməyə apardılar”

“Mən 4 il əvvəl oğurluq maddəsiylə həbsdə olmuşam. Ancaq bu, o demək deyil ki, harda oğurluq olsa, deməli, o cinayətdə əlim var, harda kim oğurluq eləsə, deməli, o oğru ilə əlaqəm var. Binamızın 10-cu mərtəbəsində evdən oğurluq olub, komendant polislərə deyib ki, bu binada eyni maddəylə əvvəllər həbsdə olmuş adam yaşayır, bəlkə ondan soruşasız…Sonra da polisləri qabağına qatıb evimə gətirib. Gecə saat 12-də qapımızı döyüb dedi ki, sizin evdən aşağı evə su damır. Mən də qapını açdım ki, onu evə buraxım, birlikdə aydınlaşdıraq, su sızan yeri tapaq … Bu vaxt onun arxasıyca mülki geyimli 5-6 nəfər evə soxuldular, məni elə qapıdaca qandallayıb sürüyə-sürüyə apardılar. Özüm də bilmirdim nə baş verir… Soruşurdum, kimsiz, hara gedirik? Deyirdilər, darıxma, gedək, çataq, bilərsən… Gətirdilər 32-ci polis bölməsinə… Səbəb-filan demədən yarım saatdan çox döydülər. Sonra da gətirib bir videogörüntü qoydular qarşıma, dedilər, blokun qarşısından keçmisən. Dedim, ordan çox adam keçib, binamızın qarşısıdır, evimə gedib-gələndə təbii ki, kameraya hamı kimi mən də düşməliyəm. Dedilər, oğru kimdir, bizə məlumat ver, səni buraxaq… Yəni ki, mənim boynuma oğurluq qoymurdular, oğurluğu törədən adamı tanıyıram-tanımıram, onu öyrənməyə çalışırdılar. Bildirdim ki, görməmişəm, tanımıram, bilmirəm. Oğurluğa görə həbsdə olmuşam deyə, hər oğurluqdan xəbərim olmalıdır?” – Ruslan Cumayev deyir.

ruslan_cumayev_qolunda_qandal_izi.jpg
işgəncə izləri


“Əl-ayağımı bir-birinə bağlamışdılar, qoltuqlarımın altına dəmir keçirtmişdilər”

Ruslan Cumayev ona verilən işgəncələri təsvir edir:

“Ayaqlarımla qollarımı bir-birinə bağlamışdılar, məni “qril” formasına salmışdılar, qoltuqlarımın altından dəmir “turba” keçirtmişdilər. Bu vəziyyətdə dizlərimə, ayaqlarımın altına, belimə, kürəyimə “dubinka”larla vururdular. Məni bu vəziyyətdə o qədər döymüşdülər ki, hiss edirdim ki, havalanıram, artıq özümdən asılı olmadan gülürdüm. Allaha yalvarırdım, özümə ölüm istəyirdim. Əl-ayağımı açanda yerə yıxıldım, huşumu itirdim”.

Ruslan Cumayevin sözlərinə görə, onu 3 gün döyüblər. Sonra da İnzibati Xətalar Məcəlləsinin 535-ci (Piolis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham olunaraq Suraxanı Rayon Məhkəməsinə aparılıb:

“Hakim mənim vəziyyətimi gördü, dedi, bu nə vəhşilikdir, insanı da belə döyərlər? Çünki mən məhkəmə zalına az qala sürünə-sürünə girdim. Dizlərimə, ayaqlarımın altına “dubinka”yla o qədər vurmuşdular ki, ayaq üstə dayana bilmirdim. İndiyə kimi də bütün bədənim ağrıyır, gecələri səhərə kimi yata bilmirəm. Hakim vəziyyətimi görüb anladı ki, mənə nəyi var işgəncə veriblər”.

Məhkəmə zalından azadlığa buraxılıb, yenə qandallanıb

Hakim işə xitam verib. Qərarı da belə əsaslandırıb ki, polis şöbəsində inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında tərtib olunmuş protokol məhkəməyə gec verilib. Qərarda qeyd olunub ki, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilməlidir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindəki məlumatlardan isə görünür ki, inzibati xəta haqqında protokol aprelin 4-də tərtib olunsa da, məhkəməyə bir gün sonra – aprelin 5-də günorta saatlarında təqdim edilib. Hakim bunu qanun pozuntusu hesab edib və qərarda qeyd edib ki, bu qanun pozuntuları ilə bağlı aidiyyəti orqanlara İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan müvafiq qaydada məlumat verilməlidir. Hakimin xitam qərarı ilə Ruslan Cumayev məhkəmə zalından azadlığa buraxılıb.

ruslan_cumayev_uzunde_xesaret_2.jpg
R.Cumayev


“Cibimdən “zajiqalka” çıxarıb sındırdım, dedim, özümü doğrayacam”

Ancaq Ruslan Cumayev azadlıqda çox qalmayıb. 32 saylı polis bölməsinin əməliyyatçıları bu dəfə onu küçədə tutaraq qandallayıb bölməyə aparıblar:

“Məni əməlli-başlı oğurladılar. Qollarıma qandal vurub maşına basıb apardılar. Dedim, əl çəkin məndən, tanımıram oğrunu, nə istəyirsiz, Allah xətrinə, rahat buraxın məni… Dedilər yox, sən bilirsən, bizə oğrunun yerini deməlisən. Yenə bölmədə bir gün ərzində mənə işgəncə verildi. Növbəti gün Suraxanı Rayon Polis İdarəsinə, Anar adlı müstəntiqin yanına apardılar. Anar müəllim dedi, məhkəmənin açıb buraxdığı adamı təzədən niyə tutmusunuz? Əl çəkin adamdan, məni də zibilə salmayın. Sizin ucbatınızdan işimi də itirəcəm… Mən bunu tuta bilmərəm, qanunsuzdur. Əməliyyatçıların təkidlərindən sonra dedi, mən bunu iki gün şübhəli şəxs kimi KPZ-də saxlaya bilərəm, başqa heç nə edə bilmərəm. Məni iki gün KPZ-də saxladı, Orda saxlananda halım pisləşdiyinə görə iki dəfə təcili yardım gəlib üstümə, bütün xəsarətlərim, səhhətimdəki problemlər – hamısı sənədləşdirilib. 48 saat tamam olanda – günorta saatlarında müstəntiq məni açıb buraxdı, dedi, yeri, get evinə, sənlik bir iş yoxdur. Evə zəng vurdum, anam, qardaşım və vəkilim gəldi, mən idarədən çıxanda gördüm əməliyyatçılar yenə əllərində qandal dayanıblar. Gəlib qoluma girdilər, gördüm ki, yenə qandallayıb aparacaqlar, cibimdə alışqan vardı, çıxarıb sındırdım, dedim, boğazımı kəsəcəm. Polis idarəsindən də işçilər çıxdı, üstlərinə acıqlandı ki, əl çəkin adamdan. Ondan sonra məni orda qoyub qaçdılar. Orda müşahidə kameraları var, bunlar hamısı kameraya düşüb”.

Ruslan Cumayev idarədən buraxılandan sonra Suraxanı Rayon Prokurorluğuna 32-ci polis bölməsinin əməliyyatçılarından şikayət edib. Prokurorluğun verdiyi göndərişlə ekspertizadan keçib:

“Prokuror biləndə ki, şikayət 32-ci bölmənin əməliyyatçılarındandır, qışqırdı ki, yenə 32-ci bölmə? Bu bölmədən nə qədər şikayət olar…”.

ruslan_cumayev_dizlerindeki_izler.jpg
işgəncə


“İndi də izahat yazdırmaq üçün oğurlamaq istəyirlər”

Ruslan Cumayev deyir, iş orasındadır ki, iki gündür idarədən buraxılsa və prokurorluğa şikayət etsə də, 32-ci polis bölməsinin əməliyyatçıları hələ də ondan əl çəkmir:

“İndi də deyirlər, gedək bölməyə, izahat yaz ki, bizdən şikayətin yoxdur, xəsarətləri bölmədə almamısan… İki gündür evdən tərpənmirəm, küçəyə çıxmıram. Bir tərəfdən bədənimdəki ağrılar, bir tərəfdən də əməliyyatçılar… Pəncərədən baxıram, binamızın yanından maşınla o tərəfə keçirlər, bu tərəfə keçirlər… Bir də görürəm blokun qarşısındadılar… İstədikləri odur ki, məni tutub bölməyə aparıb izahat yazdırsınlar ki, onlardan şikayətim yoxdur. Halbuki, mənim onlardan şikayətim çoxdur, məni bölmədə işgəncə altında saxlayanda gecə saat 3-də 15-20 polis işçisi evə soxulub, evin altını-üstünə çevirib, qonşunun evindən oğurlanmış qızılları axtarıblar”.

Suraxanı Rayon Prokurorluğundan bildirilib ki, Ruslan Cumayev aprelin 9-da 32-ci polis bölməsində işgəncəyə məruz qalmasıyla bağlı ərizəylə müraciət edib. Ərizəsiylə əlaqədar izahatı alınıb və ekspertizadan keçməsi üçün göndəriş verilib. Lakin ekspertin rəyi hələlik prokurorluğa daxil olmayıb.

Suraxanı rayon 32-ci polis bölməsindən isə bildirilib ki, martın 30-da Suraxanı rayonu, Əhməd Mehbalıyev küçəsi, 46 saylı binadakı mənzillərdən birində oğurluq hadisəsi baş verib. Həmin binada yaşayan bəzi sakinlərin izahatları alınıb. Ruslan Cumayev də izahat alınması üçün bölməyə dəvət olunub, lakin gəlməyib. Bölmənin əməliyyatçıları martın 31-də gündüz saat 7 radələrində yaşadığı binanın qarşısında ona yaxınlaşaraq onlarla bölməyə getməsini xahiş ediblər. Əhməd Cumayevsə polisə müqavimət göstərərək qanuni tələblərinə tabe olmayıb. Bölmədən işgəncəylə deyilənlər təkzib olunub.

ruslan_cumayev_uzunde_xesaret_1.jpg
R.Cumayev
Ana səhifəXəbərlər”Polis şöbəsində məni ”qril” formasına salıb işgəncə verdilər”