Ona qarşı irəli sürülən maddələrdə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub
Üç ay öncə – sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsində Xanım Məmmədovanın odlu silahla öldürülməsilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. İş materialları baxılması üçün məhkəməyə göndərilib. Xanım Məmmədovanı qətlə yetirməkdə ittiham olunan həyat yoldaşı, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov yaxın günlərdə hakim qarşısına çıxarılacaq.
Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.
Cinayət işinin materiallarında yazılıb ki, Xanım Məmmədova 24-cü polis şöbəsinə gələrək, həyat yoldaşının onu döyməsindən şikayət edib. Az sonra İsmayıl Məmmədov da şöbəyə gəlib. İzahat alınan zaman aralarında mübahisə yaranıb. İsmayıl Məmmədov ondan şikayətçi olan həyat yoldaşına üzərində olan “Zəfər” markalı xidməti silahla bir neçə dəfə atəş açıb. Nəticədə o, hadisə yerində keçinib. Ekspertizanın rəyinə görə, həmin vaxt silahdan 15 güllə atılıb.
Bütün bunlar cütlüyün azyaşlı uşaqlarının gözü önündə baş verib.
İsmayıl Məmmədov Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunur.
Bu maddələrdə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.