Nərimanov Rayon Məhkəməsi qərar verib
Nizami rayonu, 24-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevin qardaşı, fevralın 3-də gecə saatlarında Nərimanov rayonundakı ofislərdən birinə basqınla əlaqədar saxlanılan Samir Qarayev ev dustaqlığına buraxılıb. Nərimanov Rayon Məhkəməsi onun istintaq dövründə ev dustaqlığında olmasına qərar verib.
Fevralın 3-də gecə saat 23.00 radələrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ofislərdən birinə hücum edilib, obyektin sahibi Musa Allahverdi oğlu Allahverdiyev döyülüb. Nəticədə o, müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı idmançı dostu H.Məmmədzadə də Samir Qarayevlə birlikdə olub. Onların hər ikisi saxlanılıb.
Məlumata görə, Samir Qarayevə qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Onun Musa Allahverdiyevə ofisdə olan çaynik vasitəsilə xəsarət yetirdiyi iddia olunur.
Həmin vaxt onunla birlikdə olan dostu H.Məmmədzadə isə sərbəst buraxılıb.
Samir Qarayevin ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.
Zərərçəkmiş qismində tanınan Musa Allahvaerdiyevin aldığı xəsarətin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin olunub.
Son dövrlərdə 24-cü polis bölməsi bir neçə dəfə gündəmə gəlib. Polis əməkdaşının şikayətə gələn həyat yoldaşını xidməti silahla güllələməsi bu bölmədə baş vermişdi.