Polis rəisinin qardaşı obyekt sahibini döydüyünə görə saxlanılıb

24-cü Polis Bölməsi. Foto: DİN

Samir Qarayevin Musa Allahverdiyevə xəsarət yetirdiyi bildirilir

Fevralın 3-də Nizami rayonu, 24-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevin qardaşı Samir Qarayev saxlanılıb.

Səbəb kimi Samir Qarayevin Nərimanov rayonunda obyekt sahibi Musa Allahverdiyevi döyərək ona ağır xəsarət yetirməsi qeyd olunur.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumatı təsdiqləyib.

Nazirlikdən bildiriblər ki, rayonun Əhməd Rəcəbli küçəsində yerləşən ofislərin birində iki nəfərin obyekt sahibi Musa Allahverdiyevi döyərək xəsarət yetirmələri barədə polis orqanına məlumat daxil olub:

“Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə hər iki şəxs – S.Qarayev və H.Məmmədzadə müəyyən olunaraq saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub”.

DİN faktla bağlı zəruri istintaq hərəkətlərinin davam etdirildiyini vurğulayıb.

2021-ci ilin sentyabrın 30-da Nizami rayonu, 24-cü polis bölməsində Post-Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirmişdi.

2022-ci ilin aprelin 12-də İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edildi.

Məhkəmə zərərçəkmiş tərəfin 200 min manat təzminat tələbilə qaldırdığı mülki iddiasını qismən təmin etdi.

İsmayıl Məmmədovun üzərinə zərərçəkmiş tərəfə 8 min manat təzminat ödəmək öhdəliyi qoyulub.

Hadisəyə görə isə 24-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevə töhmət verilmişdi.

Ana səhifəSosialPolis rəisinin qardaşı obyekt sahibini döydüyünə görə saxlanılıb