Əlikram Ağayev isə ünvanına səslənən ittihamları qəbul etməyib
Lerikdə fəaliyyət göstərən “Meşəbəyi” İstirahət Mərkəzinin rəhbəri Əlikram Ağayev həbs olunub. Polisə müqavimətdə ittiham olunan 64 yaşlı iş adamına İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 15 sutka həbs cəzası verilib. Onun haqqında həbs qərarı Lerik Rayon Məhkəməsində çıxarılıb.
Bu barədə məlumatı məhkəmədən də Meydan TV-yə təsdiqləyiblər. Məhkəmədən bildirilib ki, həbs qərarı oktyabrın 16-da çıxarılıb.
Əlikram Ağayev haqqında inzibati xəta protokolunda iddia olunub ki, Əlikram Ağayev “Meşəbəyi” İstirahət Mərkəzində polis əməkdaşlarının tələbini pozub, onlara tabesizlik göstərib.
Polislərin dediyinə görə, iş adamı haqqında Lerik Rayon Prokurorluğundan polis şöbəsinə məcburi gətirilmə qərarı göndərilib. Onlar da qərarı icra eləməkdən ötrü həmin obyektə gediblər, amma həmin vaxt Əlikram Ağayev orada olmayıb. Geri qayıdanda yolda – “Xəyal” İstirahət Mərkəzində onun avtomobilini görüb, saxlatdırıblar, səbəbini də izah ediblər. Polislərin iddiasına görə, bu zaman iş adamı onları söyüb, polis şöbəsinə getməkdən də imtina edərək, maşınını sürüb, çıxıb gedib. Bundan sonra polis şöbəsinə xəbər verib, Əlikram Ağayevin arxasınca yenidən “Meşəbəyi”yə gediblər. Orada onu saxlayıb, Lerik Rayon Polis Şöbəsinə gətiriblər. Şöbədə protokol tərtib olunub. Daha sonra məhkəməyə gətirilib.
Əlikram Ağayev isə ünvanına səslənən ittihamları qəbul etməyib. O, məhkəmədə də deyib ki, heç bir qanun pozuntusuna yol verməyib. İş adamı bildirib ki, telefonuna zəng edərək, onu Lerik Rayon Polis Şöbəsinə çağırıblar:
“Hansı məsələ ilə bağlı olduğunu dedilər. Bildirdim ki, bu məsələ mülki işdir, məhkəməyə müraciət olunub, məhkəmə qaydasında həll oluna bilər. Bundan sonra polislər “Meşəbəyi”yə gəliblər, görüblər ki, orada yoxam. Geri qayıdanda yolda – “Xəyal”ın çıxışında məni görüb, maşınımın qarşısını kəsdilər. Mənə dedilər ki, müstəntiq haqqımda məcburi gətirilmə qərarı çıxarıb. Məni zorla polis şöbəsinə aparmağa çalışırdılar. Onlara dedim ki, bu, nə hərəkətdi? Bir vətəndaşa qarşı bu cür davranışın adı quldurluqdur, reketlikdir. Çünki onlar məhz belə davranırdılar…”.