Polis rəisi və prokurora görə özünü yandırdı

14 noyabrda Bəhlul Əmirov dördüncü dərəcəli yanıq xəsarətləri ilə Ağdamdan Bakıya, xəstəxanaya gətirilib. O, Ağdam rayon Prokurorluğunun qarşısında özünü yandırıb. Bəhlul Əmirov deyir ki, problem yük maşınını başqasının minik maşını ilə dəyişdirməsindən başlayıb. Bu sövdələşmədə Ağdam Dövlət Yol Polisinin rəisi Vasif Məmmədov də olub. Bəhlul Əmirov yeni aldığı maşını yoxladanda üzərində 4000 manat kredit borcu olduğunu öyrənib. Minik maşınını geri verib, əvəzində yük maşınının qaytarılmasını istəyib.

Amma hər iki maşından olub. Bəhlul Əmirov onu aldadan şəxslərdən 102 xidmətinə şikayət edib. Bundan sonra Ağdam rayon polis şöbəsinə çağırılan ailə orada polislərin onları döydüyünü bildirirlər.

Təranə Əmirova deyir ki, 8 sentyabrda Daxili İşlər Nazirliyinə şikayətə gələndə burada da yoldaşı döyülüb və maşınla Ağdama qaytarılıb. O, polislərə cinayət işi açılması ilə bağlı Ağdam rayon Prokurorluğuna şikayət edib. Amma şikayəti rədd edilib. Bundan sonra, o, intihara əl atıb. Yoldaşı deyir ki, əri üç dəfə intihara cəhd edib, amma buna imkan verməyiblər.

Sonuncu dəfə evdə olmadıqlarına görə təkbaşına prokurorluğa gedib və orada özünü yandırıb.

Ağdam rayon Polis Şöbəsinin polis mayoru Hacı Quliyev deyir ki, Bəhlul Əmirovun polislərin onu döyməsi ilə bağlı iddiaları yalandır.

Ağdam rayon prokuroru Rəfail Zeynalov deyir ki, onun bu intihara cəhddə heç bir təqsiri yoxdur. O bildirir ki, polislər Bəhlul Əmirovu döyməyib, o, özünü şöbənin qarşısında yandırmaq istəyərkən hücum edib əlindən alışqanı alıblar.

Hadisə ilə bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

47 yaşlı, iki uşaq atası Bəhlul Əmirov ikinci qrup gözdən əlildir. Həkimlər onun sağlamlığına ciddi təhlükə olduğunu deyirlər. Onun isə yeganə tələbi var. Onu intihara vadar edən şəxslər cəzalandırılsın.

Ana səhifəVideoPolis rəisi və prokurora görə özünü yandırdı