Polis rəisi qadını döyməkdə günahlandırılır (VİDEO)

Xəzanə Çələbiyeva qonşuluqda yaşayan İordaniya vətəndaşının evində baş verən oğurluq hadisəsi ilə bağlı 19 apreldə 8 saylı polis bölməsinə dəvət olunub.  O izahatında yazıb ki, hadisə baş verən gecə onlar dostları ilə birlikdə restoranda İordaniya vətəndaşının ad günün qeyd ediblər və bir yerdə də oranı tərk ediblər.  Xanım Çələbiyeva deyir ki, bölmənin rəisi Vüsal Qaraşovun bu izahatdan xoşu gəlməyib.

Qadın bildirir ki, polislər oğurluq hadisəsini törədən şəxsi tapmadıqlarına görə ona işgəncə verərək məsuliyyəti üzərinə götürməsini istəyiblər. Onu bir sutka ayaq üstdə, soyuq otaqda saxlayıblar və dediyinə görə ayaqyoluna getməyə belə icazə verməyiblər.

Xanım Çələbiyeva deyir ki, polis rəisi onun istədiyi kimi izahat yazmayacağı halda maşınına narkotik ataraq onu həbs edəcəyi ilə hədələyib. Bundan sonra qadın izahat yazaraq, oğurluq hadisəsindən əvvəlcədən xəbəri olduğunu və bir neçə şəxslə əlbir olaraq bu hadisəni törətdiklərini yazıb. Bundan sonra o, bir sutkadan artıq saxlanıldığı bölmədən sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən polis bölməsində olan hadisə ilə bağlı araşdırma aparıb məlumat verəcəklərini bildirdilər. Amma daha sonra zənglərimizə cavab verilmədi.

Xəzanə Çələbiyeva deyir ki, polis rəisi üzünü sıxdığına görə dişinin plombu ətinə batıb, onun vurduğu təpiklərdən ayağında qançır yaraları qalıb. Prokurorluq işçisi baş verənlərlə bağlı qadından izahat alıb və onu tibbi ekspertizaya göndərib.

Səbail rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin “külli miqdarda ziyan vurmaqla oğurluq hadisəsi törətmək” maddəsi ilə (177.3.2) cinayət işi başlanılıb. İordaniya vətəndaşı evindən 40 min manat oğurlandığını bildirib. Xəzanə Çələbiyevanın vəkili Sadiq Əfəndiyev müdafiə etdiyi şəxsin polis bölməsinə çağırılmasının qanunsuz olduğunu bildirir.

Qadın polis bölməsində təzyiqlər nəticəsində yazdığı izahatdan imtina etdiyini açıqlayıb. Vəkil xanım Çələbiyevaya qarşı polis rəisinin etdiyi işgəncələrdən Səbail rayon Prokurorluğuna şikayət etdiklərini bildirir. Prokurorluq işi icraata götürüb.

Ana səhifəVideoPolis rəisi qadını döyməkdə günahlandırılır (VİDEO)