”Polis rəisi istədiyi xəracı vermirik deyə günümüzü qara edib”

Məcburi köçkün: ”Rəis deyir, qardaşım prezidentlə oturub çay içib, bizim sözümüzü qoyub, sizinkini deməzlər”

Source:


Məcburi köçkün: ”Rəis deyir, qardaşım prezidentlə oturub çay içib, bizim sözümüzü qoyub, sizinkini deməzlər”

“Polis rəisi bizdən 10 min manat istədi. Vermədik deyə, qardaşlarıma cinayət işi açdı, anamı bazarda döydürdü, mal-heyvanımızı oğurlatdı”.

Ağdaş rayonunun Yuxarı Zeynəddin kəndində məskunlaşan Kəlbəcər rayon sakini Azər Həsənov belə deyir. Bildirir ki, ailəsinin qanuni sənədli iri və xırdabuynuzlu heyvan saxladıqları fermaları var. Onlar ailələrini həmin ferma sayəsində dolandırırlar. A.Həsənov deyir ki, kimsəyə möhtac olmadan, dövlətin də dəstəyi ilə atası

Yadigar Həsənov illər öncə qurub bu işi. Qardaşları, bacıları və əlavə bir neçə ailə (ümumilikdə 10-a yaxın ailə) bu fermadan dolanır:

“İllərlə alnımızın təri ilə işləyib, ailəmizi dolandırmışıq. Heç kimə möhtac olmamışıq. Ta ki, Ağdaş Rayon Polis İdarəsinə yeni rəis təyin olunanadək. Rasim Mustafayev rəis olan kimi bizi çağırdı ki, bəs fermanı yenə işlədə bilmək üçün mənə hər ay 1000 manat və ya ildə 10 min manat pul ödəməlisiniz. Etiraz etdik, elə həmin vaxtdan qara günlərimiz başladı”.

Guya oğlum işıq idarəsinin işçilərinin üstünə balta ilə hücum edib


Yadigar Həsənov deyir ki, polis rəisi öncə bəhanə ilə həyat yoldaşını bazarda döydürüb. Sonra 2 dəfə sürüsündən iribuynuzlu heyvan oğurladıb. Sonda da oğullarına qarşı cinayət işi açdırıb. Özü də onların heç bir günahı olmadan:

“Həyat yoldaşım döyüldü, polisə müraciət etdik, işi bağladılar. Fermamdan mal-heyvanım oğurlandı, yenə müraciət etdik, min bir fırıldaqla bu işin də üstünü örtdülər. Sonda da oğullarıma şər atıb, onlara qarşı cinayət işi açdılar. Birinci şər elektrik enerjisi istifadəsinə görə idi. Belə ki, məcburi köçkünlərin kommunal haqlarını dövlət verir axı. Oğlumun işığını kəsiblər ki, borcunu özün ödə. Oğlumun da uşağı xəstə imiş. Səhəri gözləməyib, işığı birləşdirib. Buna görə ona cinayət işi qaldırıblar. Rəsmiləşdirəndə hətta qeyd ediblər ki, guya oğlum işıq idarəsinin işçilərinin üstünə balta ilə hücum edib. Baxın belə haqsızlıqla üzləşmişik”.

Meyvə verən 250 ağacı məhv ediblər


Azər Həsənov deyir ki, qardaşları, Xətai Bəxtiyarov və Elməddin Bəxtiyarovlara qarşı ikinci cinayət işi dövlətin işinə mane olmaqla bağlı açılıb:

“Bir müddət əvvəl yaşadığımız kənddə su-kanalizasiya sistemi çəkirdilər. Ancaq qanunda, layihədə həmin kanalizasiya, su xətti biz tərəfdən keçmirdi. Buna baxmayaraq, biz evdə olmayanda gəlib bizim meyvə verən 250 ağacı məhv ediblər. Ərazidə apardıqları bütün qazıntı işlərinin torpaqlarını bizim ağacların üstünə töküblər. Biz şikayət üçün polisə zəng etdik. Polis gəlib onlara yox, qardaşlarıma qarşı cinayət işi açdı. Guya onlar bu dəfə isə əllərində balta ilə dövlət layihəsinə qarşı çıxıb, onların işinə maneçilik törədiblər. Sözün düzü, həmin gün Elməddin heç orada olmayıb. Yazmadığımız yer, şikayət etmədiyimiz adam qalmayıb. Xeyri yoxdur”.


Azər Həsənov deyir ki, dövlət qurumlarından qapısını döymədiyi, məktub yazmadığı yer qalmayıb. Ancaq söhbət polis rəisindən gedir deyə, onların işinə baxmayıblar:

47149
Azər Həsənov

“Rasim Mustafayev Naxçıvan Muxtar Respublikasının müdafiə nazirinin müavini Kərəm Mustafayevin qardaşıdır. Deyir, mənim qardaşım prezidentlə oturub çay içib. Bizim sözümüzü qoyub, sizinkini deməzlər bu ölkədə. Biz də düşündük ki, polisdi də, hədələyir. Ölkədə qanun var. Ancaq bir müddət sonra gördük ki, yox, özünə güvənib danışırmış. Çünki bizim başımıza min oyun açılır, ancaq səsimizi eşidən yoxdur”.

İstəyir fermadan nə qazanırıqsa, hamısını ona verək

Yadigar Həsənov deyir ki, sırf bu gün polis rəisinə haqq vermədikləri üçün başlarına oyun açılır. Rəis onlarla düşmən olub, prinsipə girib:

“İstəyir fermadan nə qazanırıqsa, hamısını ona verək. Biz bir fermadan nə qədər qazana bilərik ki? İldə 10 min manat istəyir. Hardan alıb verməliyik? Deyək ki, verdik. Onda özümüz necə dolanaq? Əziyyət çəkək, çalışaq, pulu rəisə verək? Axırda da sözü o oldu ki, gedin, nə istəyirsiniz edin, kimə istəyirsiniz deyin. Mənim qardaşım generaldır. Bizə bu ölkədə kimsə nəsə deyən deyil”.

Ağdaşın polis rəisi Rasim Mustafayev bizə imkan vermir


Ailə üzləşdikləri problemlə bağlı indiyədək Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Respublika Baş Prokurorluğuna məktub ünvanlayıb. Ancaq müraciətlərinə cavab ala bilməyiblər. Son çarəni mətbuat vasitəsilə çağırış etməkdə görürlər:

“Dövlət bizim başımıza gələnlərə niyə göz yumur, anlamıram. Buradan prezidentə, Birinci vitse-prezidentə, Baş prokurora müraciət edirik. Xahiş edirik, bizim başımıza gələnlərə göz yummasınlar. Məcburi köçkünük. Dövlətdən nəsə tələb etmirik, yük olmuruq. Öz ayaqlarımız üstündə durmağa, dolanmağa çalışırıq. Ancaq Ağdaşın polis rəisi Rasim Mustafayev bizə imkan vermir. Biz əmlakımızın hamısını dövlət büdcəsinə keçirməyə də hazırıq. Ancaq rəisə bir qəpik verməyəcəyik. Çünki biz qanunsuz heç nə etmirik. Başımızı aşağı salıb, çörəyimizi qazanmaqla məşğuluq. Yox, bizim səsimiz yenə eşidilməyəcəksə, baxılmayacaqsa, dediyim kimi əmlakımızı dövlət büdcəsinə keçirək. Amma sonra da dövlət bizə kömək etsin. Hansısa bir ölkədən viza alsın, ailəlikcə çıxıb gedək”.

Bizə açıqlama verməyi qadağan ediblər


Meydan TV məsələyə münasibət öyrənmək üçün Ağdaş Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. İdarədən belə məsələlərlə bağlı, ümumiyyətlə, hər hansı mövzu haqda onlara açıqlama verməyin qadağan edildiyini söyləyiblər:

“Açıqlama verə bilmərik, qadağandır. Bu barədə də nəsə deyə bilmərik. Zəhmət olmasa, Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayın”.

Daxili İşlər Nazirliyindən isə günlərlə məsələyə münasibət öyrənmək mümkün olmayıb. Qurumdan Meydan TV-nin sualını cavablandırmaq istəməyiblər.

Ana səhifəBölgə”Polis rəisi istədiyi xəracı vermirik deyə günümüzü qara edib”