”Polis rəisi içki şüşəsini atamın başına vurub”

İbrahim Həsənli: “Polisin bağlamaq istədiyi işi araşdırdığına görə atamı döyüb, xəstəxanalıq ediblər”

Source:
Asif Həsənli döyüldükdən sonra
Asif Həsənli döyüldükdən sonra


İbrahim Həsənli: “Polisin bağlamaq istədiyi işi araşdırdığına görə atamı döyüb, xəstəxanalıq ediblər”

“Polis rəisinin bağlamaq istədiyi işi araşdırdığına görə atamı döyüb, xəstəxanalıq ediblər” – deyir, Cəlilabad sakini İbrahim Həsənli.

O, atası Asif Həsənlinin Cəlilabadın “Regionsəs” qəzetinin baş redaktoru, eyni zamanda vəkil olduğunu söyləyir. Deyir, rayonda mağazaların birindən oğurluq edilib. Atası mağaza sahibinin hüquqlarını müdafiə edirmiş. Oğurluq edənlərin kimliyi bəlli olduğu halda həbs edilməyiblər:

“Atam araşdırırdı işi. Həmin şəxslərin həbs edilməməsi ilə bağlı şikayət də vermişdi. Bundan hiddətlənən rayon polis idarəsinin istintaq şöbəsinin müdiri Eldar Məmmədov atamı “Kral” istirahət mərkəzində görüşə çağırıb. Həmin görüşdə içki şüşəsi ilə onun başına vurub, atamı xəstəxanalıq edib”.

İbrahim Həsənli deyir ki, aldığı xəsarətdən atasını Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər. Vəziyyəti ağır olaraq qiymətləndirilib:

“Daha sonra biz onu Bakıya gətirmək qərarı aldıq. Rayon xəstəxanasında daha çox saxlamaq istəmədik. Atamın Bakıya gətirilməsi üçün göndəriş vermədilər. Daha doğrusu, axşam xəstəxana rəhbərliyindən bir nəfəri də tapa bilmədim. Heç kim yox idi. Atam maşına oturub gələcək durumda deyildi. “Ambulans”la gətirilməli idi. Bunun üçün də həkimin göndəriş verməsi lazım idi. Ancaq bunu etmədilər. “ 300 manat verin, edək”, – dedilər. Sonda öz xərclərimizlə atamı “Semaşko”ya gətirdik. Orada da vəziyyəti ağır olaraq qiymətləndirilib. Hazırda xəstəxanada yatır”.

İbrahim Həsənli deyir ki, atasının döyülməsində bir neçə nəfər iştirak edib və hadisə polis işçilərinin gözü qarşısında olub. Ancaq onlar hadisəyə biganə qalıblar:

“Bundan sonra 102-yə də zəng etdik. İşi araşdıracaqlarını dedilər. Ancaq bundan çox işi bağlamağa çalışırlar”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Cəlilabad rayon Polis Şöbəsilə əlaqə saxlayıb. Şöbədən əvvəlcə belə bir hadisənin olmadığını, bu barədə məlumatsız olduqlarını desələr də, sonradan Asif Həsənlinin döyülməsini təsdiqlədilər:

“Ancaq həmin şəxsi polislər döyməyib, yalan məlumatdır. Onu Rizvan Məmmədov adlı bir şəxs döyüb. Adı çəkilən polis mayoru Eldar Məmmədov hadisə yerində olmayıb. Tamamilə yalan məlumatdır”.

İbrahim Həsənli isə deyir ki, Rizvan Məmmədov polis tərəfindən seçilmiş qurbandır:

“Eldar Məmmədovu təmizə çıxarmaq üçün onun adından istifadə edirlər. Bəli, həmin şəxs də istirahət mətkəzində olub. Ancaq atama xəsarət yetirən Rizvan Məmmədov yox, rayon polis idarəsinin istintaq şöbəsinin müdiri Eldar Məmmədovdur”.

A.Həsənli Azərbaycan Yazıçılılar Birliyinin üzvüdür. O, rayonda nümayəndə kimi mülki işlərdə vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğuldur.

Ana səhifəXəbərlər”Polis rəisi içki şüşəsini atamın başına vurub”