”Polis rəisi deyirdi ki, harası ağrıyırsa, orasından vurun…”

O qədər döydülər ki, qulağımın biri tamamilə sıradan çıxdı, indi eşitmirəm.

Source: meydan tv


Gəncə hadisələrinə görə həbs olunanlar işgəncələrdən danışır

Gəncə hadisələrinə görə həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinin işi məhkəməyə göndərilib. Hətta iki qrupa artıq hökm də oxunub. Onlar isə hökmdən narazı qalıb apelyasiya şikayəti veriblər. Gəncə Apelyasiya Məhkəməsinin hakimləri Bakı Apelyasiya Məhkəməsində onların şikayətinə baxırlar.

İyunun 4-də Bakı Apelyasiya Məhkəməsinin binasında hakim Çingiz Məmmədovun sədrliyilə 11 nəfərlik qrupun şikayətlərinə baxılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara 7 il 6 aydan 9 ilə qədər həbs cəzası verilib.

Budəfəki məhkəmə iclasında təqsirləndirilən 11 nəfərdən 4-ü – Toğrul Verdiyev, Seymur Əliyev, Orxan Yağnaliyev və Vaqif Əşrəfov ifadə verib. Onlar ittihamların yalan olduğunu, ağlasığmaz işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Toğrul Verdiyev bildirib ki, Gəncədə aksiya günü – iyulun 10-da axşam saat 18.00 radələrində dostları ilə çay içib, ardınca da namaz qılmaq üçün məscidə gediblər. O tərəfə gedəndə də səs-küy eşidiblər: “Kənardan baxdıq, sonra birdən yadıma düşdü ki, açar işdə qalıb. Mən “Gəncə Mall”da işləyirəm, açara görə geri qayıtdım. İki gündən sonra yolda gedəndə polislər tutub Gəncənin Nizami rayon Polis İdarəsinə apardılar. Rəis Ədalət Sadıqov məni sorğu-sual elədi. Ədalət soruşdu ki, İranda olmusan, namaz qılırsan? Dedim, bəli. Yanındakılara dedi ki, İranda olub, namaz qılır, vətən xainidir. Oradan əməliyyatçının otağına apardılar. Məni ittiham edirlər, bircə dənə də sübut ortaya qoymurlar. Deyirlər, kameraya düşmüşəm aksiyada, bəs hanı o görüntülər?”

T.Verdiyev bildirib ki, polisləri itələməsi, daş atması barədə ittihamda yazılanlar da yalandır: “Guya polisi iki əlimlə itiələmişəm. Mən solaxayam, ancaq bir əlimlə işləyirəm. Sonra yazıblar ki, guya mən 5 ildir namaz qılıram. Əslində 1 ildir namaza başlamışam. Polis idarəsində Ruhi və Nicat adlı iki nəfər üzümə durdular. Onlara dedim ki, Allahdan qorxun, övladlarınız var. Dedilər ki, qardaş, biz olmasaq da, başqasını gətirəcəklər”.

Təqsirləndirilən Seymur Əliyev də özünü təqsirli bilmədiyini, ittihamların saxta olduğunu söyləyib. Bildirib ki, cinayət işinin materiallarında onun iyulun 10-da tutulduğu yazılıb, halbuki, onu iyulun 12-də saxlayıb idarəyə aparıblar.

Bakı Apelyasiya Məhkəməsi (Foto: APA)
Bakı Apelyasiya Məhkəməsi

Təqsirləndirilən Orxan Yağnaliyev bildirib ki, nənəsinin yas mərasimində iştirak etmək üçün Gəncəyə gəlib və heç bir günahı olmadığı halda, həbs edilib. O, bildirib ki, dayısı oğlu ilə aptekə gedərkən həbs olunublar. Əvvəlcə onlara inzibati həbs verilib, iki gündən sonra barələrində cinayət işi başlanıb.

“İdarədə o hadisələrə görə tutulanların əlindən dayanmağa yer yox idi. Adamları bir yerə yığıb, elə “koridorda” döyürdülər. Polis idarəsinin rəisi Ədalət Sadıqova dedim ki, mənim günahım yoxdur. Qayıtdı ki, bura Azərbaycandır, burada qayda-qanun işləmir. Prokurorluğun müstəntiqi Orxan Babayev də ordaydı, dedi ki, “sənin kimiləri ağıllandırmağı bilirəm”. Məni soyundurdular, əl-ayağımı bağladılar, daha sonra özümü də radiatora bağladılar. O qədər döydülər ki, qulağımın biri tamamilə sıradan çıxdı, indi eşitmirəm. Baş barmağımı qapının arasında o qədər sıxdılar ki, günlərlə ağrıdan dayana bilmirdim. Sonra da təcridxanada üç gün “kars”da ac-susuz saxladılar. Biz orada olanda Gəncə təcridxanasında bir erməni diversant var idi. Onu əllərinin içində saxlayırdılar. Amma bizə günlərlə adi su da vermirdilər…”

Təqsirləndirilən Vaqif Əşrəfov bildirir ki, Rusiya vətəndaşıdır, orada qeydiyyatdadır. Onun sözlərinə görə, Gəncə hadisələrindən xeyli keçəndən sonra onu telefonla polis idarəsinə çağırıblar, o da gedib: "Ədalət Sadıqov soruşdu ki, meydanda olmusan? Dedim ki, yox. Sonra iyulun 31-nə kimi məni saxladılar. Həsənov Araz da (onunla birlikdə mühakimə olunan şəxs) orada idi. Sonra Arazla məni guya küçədə telefonla ucadan danışdığımız üçün 15 sutka verib göndərdilər. Ancaq bununla ürəkləri soyumadı, cinayət işi açdılar. Üç ildir işləməyən telefonumu aktlaşdırıblar ki, guya bu nömrə ilə aksiya iştirakçıları ilə öncədən danışıb-yazışmışam".

İşgəncələrdən danışan V.Əşrəfov bildirib ki, Gəncə hadisələri vaxtı saxlanılanları döymək üçün polis idarəsinə xeyli stul ayaqları toplanmışdı. Adamların əl-ayaqlarını bağlayıb, onlarla döyürdülər. V.Əşrəfov deyir ki, işgəncə nəticəsində qulağı qırıq-qırıq olmuşdu, indi də izi qalıb: "Polis rəisi Ədalət Sadıqov deyirdi ki, harası ağrıyırsa, orasından daha çox vurun".

Bu qrupa fevralın 22-də hökm oxunub. Hakim Natiq Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, 11 nəfərdən Araz Həsənov və Vaqif Əşrəfov 7 il 6 ay, Toğrul Verdiyev, Kamal Məhərrəmov, Nizami Əkbərov, Şahlar Rzayev, Tural Bayramov, Seymur Əliyev və Ruslan Həsənov 8 il, Orxan Yağnaliyev 8 il 6 ay, Maarif Hacıyev isə 9 il azadlıqdan məhrum edilib.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edir və bu barədə səslənən şikayətlərin həqiqətəuyğun olmadığını bildirir.

Ana səhifəXəbərlər”Polis rəisi deyirdi ki, harası ağrıyırsa, orasından vurun…”