Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının oktyabrın 21-ə təyin etdiyi yürüşlə bağlı xəbərdarlıq edib.
İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya deyib ki, paytaxtda razılaşdırılmamış yürüş-mitinqin keçirilməsinə imkan verilməyəcək:
“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsi yolverilməzdir. Əgər kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya və ya yürüş keçirməyə cəhd edərlərsə, bunun qarşısı tərəfimizdən qətiyyətlə alınacaq. Qəti şəkildə bildirirəm ki, belə bir cəhdə təşəbbüs göstərənlər və razılaşdırılmamış yürüşdə iştirak edənlər məsuliyyətə cəlb olunacaq”.
Müsavat Partiyasının başqanı Arif Hacılı isə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin yürüşlə bağlı açıqlama vermədiyi halda Səhlab Bağırovun xəbərdarlığı qeyri-qanunidir.
“Hələ icra hakimiyyətinin cavabının necə olacağı bəlli deyil. Cənab Bağırovun icra hakimiyyətinin cavabından öncə belə açıqlamalar verməsi siyasi proseslərin polis nəzarətində olduğunu təsdiqləyir. Azərbaycanda sərbəst toplaşma azadlığının təmin olunması xəbərdarlıq proseduruna əsaslanır. Yəni biz icra hakimiyyətinə xəbərdarlıq etdikdən sonra aksiyamızı keçirə bilərik. Polisin vəzifəsi aksiyaçılara hədə-qorxu gəlmək yox, təhlükəsizliyi təmin etməkdir”.
Arif Hacılı “icra hakimiyyəti icazə verməsə, hansı addımlar atacaqsınız” sualına belə cavab verdi:
“İcra hakimiyyətinin kütləvi aksiyalara icazə verməmək səlahiyyəti yoxdur. Konstitusiyanın 49-cu maddəsi və “Sərbəst toplaşmaq azadlığı” qanuna görə icra hakimiyyətinə belə hüquqlar verilməyib. İcra hakimiyyəti qeyri-qanuni olaraq qərar qəbul etsə, biz məsələni müzakirə edəcəyik”.
Müsavat Partiyası oktyabrın 21-də Bakıda yürüş keçirməklə bağlı qərar qəbul edib, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.