Mənbə: Meydan Tv

“Polis məcbur olub selektiv qaydada cərimə tətbiq edəcək, bu isə narazılıq yaradacaq”

İqtisadçı: “Yeni cərimələr satışın artırılması hesabına əhalinin tibbi maskalardan istifadə səviyyəsinin yüksəldilməsinə hesablanıb”

Milli Məclis karantin rejiminin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəriməni iki dəfə artırıb.

Layihə növbədənkənar sessiyanın iyunun 29-da keçirilən iclasında səs qoyularaq təsdiq edilib.

İndiyədək bu əmələ görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək cərimə, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbslə cəzalandırılırdı.

Hüquqi şəxslər isə bu əmələ görə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilirdi.

Bundan sonra inzibati həbsin müddəti dəyişməz qalsa da, dəyişiklik qüvvəyə mindikdən sonra sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək, hüquqi şəxslər isə 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.

Eyni zamanda, maska taxmayanların cəriməsi də ikiqat artırılıb. Maska taxmayan fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Daha öncə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilirdi.

Samir Əliyev

Samir Əliyev

Mənbə: Meydan TV

İqtisadçı Samir Əliyev deyir ki, insanlarla işləmək, onları başa salmaq əvəzinə yenə də inzibati yollara əl atırlar. Maskaları taxmamağa görə cərimələrin artırılması səhv addımdır, ciddi bir səmərə verməyəcək:

“Əhali sürücü deyil ki, avtomobilini əlindən alasan və ya hüquqi şəxs deyil ki, bank hesabını bağlayasan. İnsanların pulu, ödəməyə imkanı yoxdur. Onlar üçün 50 manat da çox idi. Bəzən elə cəza halları olur ki, onu sərtləşdirəndə əks-effekt verir. Bu dəfə də elə olacaq”.

Samir Əliyev Milli Məclisdəkilərin nəyə əsasən belə bir qərar verdiklərini anlaya bilmir. Deyir, yenə polislə əhali arasında “gizlənpaç” oyunu başlayacaq:

“Polis məcbur olub selektiv qaydada cərimə tətbiq edəcək, bu isə narazılıq yaradacaq. Təklif edirəm ki, dəyişikliyə səs verənlərin 3 aylıq maaş və əlavələrini Maska Fonduna yönəldib, həmin vəsait hesabına əhaliyə pulsuz maska paylansın”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, hazırda tibbi maska istehsalı ilə gündəlik istehsal gücü 200-250 min olan “Bakı Tekstil Fabriki” MMC və gündəlik istehsal gücü 300 min olan “Gilan Tekstil Park” MMC məşğuldur. “Bakı Tekstil Fabriki” investisiya xərcləri 3,9 milyon manat olduğu bildirilsə də, “Gilan Tekstil Park” MMC-nin istehsalının neçəyə başa gəldiyi açıqlanmır:

“Görünən odur ki, iki müəssisə birlikdə hər gün 500 min ətrafında tibbi maska istehsal edir və hər iki müəssisənin anbarları tibbi maska ilə doludur. Satış zəifdir. Yeni cərimələr satışın artırılması hesabına əhalinin tibbi maskalardan istifadə səviyyəsinin yüksəldilməsinə hesablanıb”.

İqtisadçı deyir ki, ictimai yerlərdə maska taxmaq vacibdir. Amma o düşünür ki, bu problem cərimə ilə tam həll olunmayacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, Azərbaycan ərazisində karantin rejiminin müddəti avqustun 1-dək artırılıb.

Yoluxmanın daha yüksək olduğu bildirilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində isə iyuluin 5-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ves4im

Ən çox baxılan