Daha üç nəfərin həyatı üçün təhlükə olmadığı bildirilir
Yevlax rayonunda “Fiat” markalı polis maşınında sürücü idarəetməni itirərək, avtomobili Kür çayına aşırıb. Hadisə zamanı maşındakı 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları olub.
Hadisə iyulun 17-də səhər saat 06.30 radələrində Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, avtomobildəki polis əməkdaşları gecə növbəsində xidmətdə olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Meydan TV-yə bildirilib ki, avtomobildə olan polis əməkdaşlarından biri – polis serjantı Kamran Məmmədov qəza nəticəsində həlak olub. Onun meyiti hələ tapılmayıb.
“Meyitin çaydan tapılıb çıxarılması istiqamətində tədbirlər davam etdirilir”, – DİN-in mətbuat xidmətindən bildirilib.
Digər üç nəfər polis əməkdaşının durumuna gəlincə, onların həyatı üçün təhlükə olmadığı deyilir.