“Əldə edilmiş məlumat əsasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Abbasovu idarə etdiyi “Mitsubishi” markalı avtomobillə birlikdə Şöbəyə gətiriblər. Onun üzərindən nömrəsi silinmiş “Naqan” tipli tapança, 1 ədəd patron və 1,9 qram heroin tapılıb”.
Məlumatı Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, Elşən Abbasovun avtomobilinə də baxış keçirilib. Buradan isə “F-1” qumbarası, 1 ədəd bıçaq və 1 ədəd dəmir ling aşkar edilərək götürülüb.
Faktla əlaqədar RPŞ-də cinayət işi başlanılıb.
“Heç bir səbəb olmadan oğlumuzu polislər aparıb. Səbəbini soruşuruq, heç nə demirlər”, – Elşən Abbasovun ailəsi oktyabrın 25-də Meydan TV-yə belə demişdi.
Ailə Elşən Abbasovun saxlanaraq Bərdə Rayon Polis İdarəsinə aparıldığını bildirmişdi: “Onun qanunsuz həbsilə bağlı ailəsinə və yaxınlarına heç bir məlumat verilmir”.
Dünən Bərdə rayon Polis İdarəsindən Meydan TV-yə məsələdən xəbərsiz olduqlarını demişdilər: “Dediyiniz şəxslə bağlı bizdə məlumat yoxdur. Kimdir, niyə həbs edilib, bilmirik”.
Elşən Abbasov 2011-ci il mayın 6-da Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq” aksiyası zamanı həbs olunan 15 nəfərdən biri olub. O, Cinayət Məcəlləsinin 233-cü maddəsilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.