Tahir Heydərov

Mənbə: Facebook

Başlıq: Tahir Heydərov

“Polis idarəsində səhərə qədər döyüblər, axırda da ailəsini gətirməklə təhdid ediblər”

Məqalə yeniləndi:  20 May 2021

Orduya dəstək yürüşündə iştirak edən Tahir Zəngilanlı məhkəməyə başı qanlı vəziyyətdə çıxarılıb

Sosial şəbəkələrdə Tahir Zəngilanlı kimi tanınan Tahir Heydərov deyir ki, törətmədiyi cinayəti boynuna qoymaq üçün gecədən səhərə qədər işgəncəyə məruz qalıb, ailəsilə təhdid olunub. O, mayın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

1986-cı il təvəllüdlü Tahir Heydərov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsilə ittiham olunur. Lakin o, bu ittihamın saxta olduğunu bildirir.

Tahir Heydərov məhkəmə qarşısına çıxarılarkən üzərində, xüsusən baş nahiyəsində ciddi xəsarətlər olub. Qanunsuz həbsinə etiraz olaraq, 17 gündür aclıq etdiyini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, saxlandığı Bakı İstintaq Təcridxanasında məhkəməyə gətirilib-aparılarkən dustaqların üzərinə baxış keçirən Dəyanət adlı əməkdaş var. Həmin şəxs ona qarşı zorakılıq edib.

Əslən Zəngilan rayonundan olan Tahir Heydərov vurğulayıb ki, günahsızdır və 2020-ci ilin iyulunda – Tovuz hadisələrindən sonra Bakıda keçirilən Orduya dəstək yürüşünün ilk iştirakçılarından biri olduğuna görə cəzalandırılıb. Hakim Azad Məcidov bildirib ki, hələ məhkəmənin hazırlıq iclasıdır. İttihamın mahiyyəti isə məhkəmə istintaqının gedişində araşdırılır.

Məhkəmə baxışı mayın 26-na təyin edilib.

Tahir Heydərovun xanımı Könül Heydərova Meydan TV-yə bildirib ki, həyat yoldaşı Orduya dəstək yürüşündə iştirakına və “Facebook” hesabında yazdığı tənqidi fikirlərinə görə şərlənib: “Onu tanıyanlar yaxşı bilir ki, bu ittiham ona yaraşmır. Tahir Heydərov 30 ilə yaxındır Lökbatan qəsəbəsində köhnə yataqxanada qalır. Ona narkotik satışı ittihamını verənlərin qaldığı yerdən xəbəri var? Narkotik satan o yerdə qalarmı? Ayıbdır axı. Onun yeniyetmə uşaqları var, niyə onları nəzərə almırlar? Məhkəmədə də deyib ki, mənim narkotik satdığımı sübut eləsəniz, ömürlük cəzaya razıyam”.

Həyat yoldaşının sözlərinə görə, Orduya dəstək yürüşündən az sonra Tahir Heydərovu küçədə söyüş söymə ittihamıyla həbs ediblər. Həmin vaxt ona 30 sutka inzibati həbs cəzası veriblər. Amma bu cəzanı çəkib çıxandan sonra da təzyiqlər bitməyib: “Onu izləyirdilər, rahat buraxmırdılar. Axırıncı dəfə də evin yanından götürüb aparmışdılar. Qardaşına danışmışdı ki, yolda cibinə narkotiki atıblar. Gecədən səhərə qədər polis idarəsində döyüblər ki, ifadəyə qol çəksin. Eləməyib. Axırda ailə ilə təhdid ediblər. Buna dözə bilməyib. Deyib ki, ailəmi gətirməyin, qol çəkirəm. Heç bir partiyanın üzvü deyil. Adam öz elini, öz obasını sevdiyinə, torpağını istədiyinə görə başına bu oyunları açarlarmı? Bu gün məhkəməyə gələndə başından qan tökülüb. Aprelin 29-dan aclıq eləyir, 20 kiloqramdan çox arıqlayıb. Bunu Allah götürməz...”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə bildirib ki, Tahir Heydərovun cibinə narkotiki polislərin qoyması, onun işgəncəyə məruz qalması haqda deyilənlər həqiqətə uyğun deyil: “Bu fikirlər Tahir Heydərovun cəza təhdidi yaradan cinayət əməlindən onu tanıyanları yayındırmaq, yaxud yönəltmək məqsədindən irəli gəlir. Vətəndaşın polis haqqında səsləndirdiyi əsassız iddiaları qəti olaraq, təkzib edirəm”.

Bakı İstintaq Təcridxanasından gətirilən təqsirləndirilən şəxsin üzərindəki xəsarətlə əlaqədar Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  20 May 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/s7regk

Ən çox baxılan