Polis icra başçısının necə vurulduğunu danışır: Qışqırdım ki, hara gedirsən?

Həmin dövrdə yaxın münasibətlərinin olduğunu, sonradan isə görüşmədiklərini bildirib.

Yunis Səfərov, Foto: Meydan TV


O, təqsirləndirilən şəxsləri tanımadığını, onlardan şikayətçi olmadığını bildirib

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı hazırda ayrı-ayrılıqda iki məhkəmə prosesi var. Bu proseslərdən biri Bakı Ağır Cinayətlər Məhkəməsində gedir. Orada icra başçısı və mühafizəçisi olan polisə silahla xəsarət yetirməkdə ittiham olunan Yunis Səfərov və daha 11 nəfər mühakimə olunur.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin baxdığı digər cinayət işi isə axtarışa verilib Moskvada həbs olunan və bu ilin yanvarında Bakıya gətirilən Müşfiq Qurbanov və Yusif Sadıxov haqqındadır. Onlar Y.Səfərov və digərləri ilə birlikdə mütəşəkkil dəstə yaradıb, ölkədə terror hazırlamaqda, dövlət çevrilişinə cəhddə, məmurlara – Gəncənin ö dövrdəki icra başçısı Elmar Vəliyev, deputat Naqif Həmzəyev və digərlərinə qarşı sui-qəsd planlaşdırmaqda ittiham olunur.

M.Qurbanov və Y.Sadıxov isə ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.

M.Qurbanov ümumiyyətlə, Y.Səfərovu tanımadığını, onunla heç bir əlaqəsi olmadığını bildirir.

Y.Sadıxov uzun müddət Şəmkirdə ingilis dili müəllimi işlədikdən sonra ailəsinin dolanışığına görə Rusiyaya gedib, orada işləməyə başlayıb. O, Gəncənin deputatı N.Həmzəyevlə orta məktəbdə birlikdə oxuyub. Həmin dövrdə yaxın münasibətlərinin olduğunu, sonradan isə görüşmədiklərini bildirib.

Onlar özlərini təqsirli bilmədiklərinə görə hələlik heç bir məhkəmədə dindirilməyib. Hakimlər onların dindirilməsini zərərçəkmiş və şahidlərdən sonraya saxlayıb.

Məhkəmədə zərərçəkmiş qismində güllə yarası almış polis əməkdaşı Qasım Aşpazov dindirilib. O bildirib ki, Y.Səfərov iki dəfə atəş açıb, biri qarın nahiyəsindən, biri də sifətindən. Üzünə dəyən güllə gözünün yanını sıyırıb, nəticədə sol gözündə görmə qabiliyyəti zəifləyib. O, təqsirləndirilən şəxsləri tanımadığını, onlardan şikayətçi olmadığını bildirib.

Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşı Aqil Qəmbərov da məhkəmədə şahid qismində ifadə verib. O, Gəncə şəhər İcra Hakimiyyətinin mühafizəsini həyata keçirən polislərdən biridir. Hadisə günü olanlar haqda danışan A.Qəmbərov bildirib ki, həmin vaxt ölkə ərazisində işıqların sönməsilə əlaqədar axşam saat 20.00 radələrində icra başçısı Elmar Vəliyev icra hakimiyyətinin qarşısındakı pilləkənlərdə iclas keçirib. Təxminən 15 dəqiqə çəkən iclas başa çatanda E.Vəliyev əyləşib, mühafizəçisi Qasım Aşpazov isə ayaqüstə dayanıb, onunla söhbət edib. Bu zaman başında kepka, əynində zolaqlı köynək olan bir nəfər icra hakimiyyətinin pilləkənlərinə tərəf gəlib. Həmin adamdan geri qayıtmasını tələb etsə də, əhəmiyyət verməyib: “Qışqırdım ki, hara gedirsən? Fikir vermədi…”

A.Qəmbərovun sözlərinə görə, Y.Səfərovun sabiq icra başçısı və mühafizəçisinə xəsarət yetirdiyini görəndə özünü onun üstünə atıb, nəticədə silah Yunisin əlindən düşüb. Bu zaman hər ikisi pilləkəndən yıxılıb. Başqa bir polis əməkdaşı Mikayıl Zeynalov Y.Səfərovu tutub saxlayıb. Sonra onu Gəncədəki Nizami rayon Polis İdarəsinə aparıb təhvil veriblər.

Y.Səfərov öz məhkəməsində ifadə verərkən bildirib ki, əvvəl silahı çıxarmayıb. İcra başçısının mühafizəçisi ona tərəf gələndə çəkindirmək üçün tapançanı çıxarıb. Amma Q.Aşpazov çəkilmədiyinə görə ayaq nahiyəsindən atəş açıb. Yıxılmadığını görəndə ikinci dəfə güllə atıb. İcra başçısını vurmaq istəyəndə silah açılmayıb. Ona görə də tapançanın dəstəyilə E.Vəliyevin gicgah nahiyəsindən zərbə endirib.

Məhkəmə prosesi noyabrın 19-da davam edəcək.

M.Qurbanov və Y.Sadıxova qarşı da Y.Səfərova verilən ittihamlar irəli sürülüb – qəsdən adam öldürməyə cəhd, terror planlaşdırması, dövlət çevrilişi və s.

Ana səhifəSiyasətPolis icra başçısının necə vurulduğunu danışır: Qışqırdım ki, hara gedirsən?