Məhkəmə prosesi yekunlaşdı
Sabunçu Rayon Polis İdarəsinin növbətçi hissəsinin işçisi Musa Allahverdiyev və bu idarənin Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayevin məhkəməsi başa çatıb. Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Adları çəkilən polis əməkdaşları polis idarəsinin növbətçi hissəsində saxlanan “Zəfər K” tapançalarından birinin oğurlanmasına görə cəzalandırılıblar.
Musa Allahverdiyev silahı oğurlamaqda təqsirli bilinərək, Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 232.2.3 (qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələrilə 5 il 6 ay azadlıqdan məhrum edilib. O bildirib ki, pula ehtiyacı olduğu üçün iş yerindən silahı oğurlayıb. Onu Elxan Mustafayevgilin bağında gizlədib. Onun sözlərinə görə, Elxan Mustafayevin bundan xəbəri olmayıb.
Elxan Mustafayevə isə Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 307-ci (cinayəti bilib xəbər verməmə) maddələrilə ittiham verilib. Hakim Cavid Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, o, 3 il 6 ay azadlıqdan məhrum edilib.
Lakin Elxan Mustafayev ümumiyyətlə, özünü təqsirli bilmir. İfadəsində də bildirib ki, Musa Allahverdiyevin silah oğurlamasından və onların bağında gizlədilməsindən məlumatı olmayıb. Onun sözlərinə görə, Musanın onların bağına gətirib qoyduğu çantanın içinə baxmayıb, ona görə də içində tapança olduğunu bilməyib.
Elxan Mustafayev məhkəmədən bəraət istəyib.
Lakin məhkəmə onun dediklərini özünümüdafiə kimi qiymətləndirib və inandırıcı hesab etməyib.
Sabunçu Rayon Polis İdarəsinin növbətçi hissəsinin keçmiş rəisi Səhrab Rzayevi də silahın oğurlanmasına görə cəzalandırıblar. O, ifadəsində bildirib ki, məsələnin üstü açılandan sonra vəzifəsindən azad edilərək, sərəncama göndərilib. Lakin bir müddət sonra 13-cü polis bölməsində başqa bir işlə təmin olunub.
Səhrab Rzayev silahın necə yoxa çıxması və bu məsələnin üstünün açılması barədə danışarkən bildirib ki, həm pandemiya, həm də müharibə dövründə fövqəladə vəziyyətlə əlaqədar polislərin işi çox idi. Ona görə də növbətçi hissədəki saxlanc yerində olan silahları daim sayıb-yoxlamağa imkan olmurdu: “Dekabrın 29-da Bakı şəhər Baş Polis İdarəsindən gəlmişdilər, silahların uçotu aparılırdı. Bu zaman biri çatmadı. Raport yazıldı, axtarıldı. Növbətçi hissəyə başqa adamlar girə bilməzdi. Ona görə dəfələrlə deyildi ki, kim götürübsə, gətirib özü qoysun yerinə”.
Lakin kimsə silahı götürdüyünü etiraf etməyib.
İttihama əsasən, Musa Allahverdiyevin Elxan Mustafayevgilin bağ evində saxladığı çantanın içində tapançadan əlavə, qandal, dəyənək və s. əşyalar da olub.