Polis əməkdaşı: ”Rəis məni məhkəmədən qurtaracağını demişdi”

”Atletlər kəndi”ndə baş verən qəzaya görə həbs edilənlərin məhkəməsi davam etdirilir

Source:


”Atletlər kəndi”ndə baş verən qəzaya görə həbs edilənlərin məhkəməsi davam etdirilir

Aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları zamanı yaradılan “Atletlər kəndi”nin nəqliyyat deposunda avstriyalı atletlərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, Xidmətin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov və “Təhlükəsiz Şəhər Xidməti”nin operatoru Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmədə iştirak edən Meydan TV əməkdaşının məlumatına görə, prosesdə hakim Cavid Hüseynov sədrlik edib.

Məhkəmə iclasında ifadə verən təqsirləndirilən Fərid Əmiraslanov bildirib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətində işləyib və oyunlar zamanı işləyəcək sürücülərin siyahısının yığılmasına köməklik edib: “Bakı Sərnişin Nəqliyyatı”ından sürücülərin siyahısının yığılmasında kömək etməyimi xahiş etmişdilər. Sərnişin daşıması ilə məşğul olan şirkətlər sürücülərin siyahısını mənə göndərmişdilər. Mən də həmin siyahını Daşımaların Təşkili Şöbəsinin rəisi Malik Əliyevə çatdırmışam. Mənim siyahıya kiminsə adını salmaq, çıxarmaq kimi ixtiyarım olmayıb. Hüquq-mühafizə orqanları həmin siyahıda olan sürücüləri yoxlayıb təlimə gedənlərin siyahısını bizə göndərmişdilər. İndi məni niyə səhlənkarlıqda günahlandırırlar anlamıram” .

Prosesdə ifadə verən digər təqsirləndirilən sabiq polis əməkdaşı Elçin Həsənov isə bildirib ki, Daxili İşlər Nazirliyinin (DİN) Təhlükəsiz Şəhər Xidmətində (TŞX) işləyib və məlum videonu o, yaymayıb: “Bizdə videogörüntülərə baxmaq heç zaman qadağan olmayıb. Adi vətəndaşlar gəlib rəhbərliyə pullarını verib videogörüntünü aparırdılar. Heydər Əliyev Sarayı direktorunun oğlunu döymüşdülər. Onunla bağlı videonu da gəlib rəislə danışıb götürmüşdü. Hadisə baş verən vaxt isə mən işdə deyildim. İşə gələndə gördüm otaqda çoxlu polis var və mənə məlum oldu ki, qəza baş verib. Həmin görüntüləri iş yoldaşımın telefonu ilə çəkdim. Nahara gedən zaman digər iş yoldaşım Məzahir görüntülərə baxmaq istədi. Mən də videonu ona göndərdim. Mənim başqa niyyətim olmayıb. Sonradan bizə dedilər ki, hadisə məxfiləşdiriləcək və video kimdə varsa silsin. Mən də sildim. Məzahirə də dedim ki, silsin. O da dedi ki, başqa bir polis əməkdaşına da göndərib. Hadisədən sonra mən nazir Ramil Usubovla da görüşmüşəm. O dedi ki, sən səhlənkarlıq etmisən. Mənim videonun yayılmasına rolum olmayıb. Nizami rayon Polis İdarəsinin rəisi mənimlə görüşəndə dedi ki, “kreslom” laxlayır. O, mənə təklif etdi ki, sənədlərə qol çəkim və adi vətəndaşların həmin otağa girməsinə icazə verdiyimizi heç kəsə söyləməyim. O, məni məhkəmədən qurtaracağını dedi. Mən də rəisimiz olduğuna görə, onun dediklərini etdim”.

Proses mayın 6-da davam etdiriləcək.

2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub.

NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərPolis əməkdaşı: ”Rəis məni məhkəmədən qurtaracağını demişdi”