“Polis dedi, şikayətçi olmasan, məsuliyyət daşıyacaqsan”
Ə.S. – Şikayətçi olmasan, məsuliyyət daşıyacaqsan.
Kim dedi bunu ?
Ə.S.- Polis İdarəsində mənə dedilər şikayətçi olacaqsan.
Bəs siz nə dediniz?
Ə.S.- Mən də dedim ki, heç bir yerim əzilməyib. Şükür Allaha ayağımla çıxmışam bura, ayağımla düşmüşəm.
Ədilə Səlimova Cəmil Həsənlinin qızı Günel Həsənlinin avto qəza hadisəsində zərərçəkəndir. 87 yaşlı qadın Günel Həsənlidən şikayətçi olmadığını, amma həm Polis şöbəsində , həm də ekspertiza zamanı onu şikayətçi olmağa məcbur etdiklərini deyir. O, hadisə baş verən gün məscidə, ona kömək edəcəyinə söz verən şəxsin yanına getdiyini söyləyir.
“Beşinci gün idi, getdim, elə bil təzyiq məni tutdu. Yolda da təzyiqim tuturdu, istədim qayıdam, daha qayıtmadım. Təzyiqim qalxdı, yerə yıxıldım. O da (red.Günel Həsənlini nəzərdə tutur) yolu keçəndə bir balaca toxundu mənə. Deyim sənə ki, vurdu öldürdü, yox, olsaydı ölərdim də… Yenə də mənə köməklik elədi. Maşına qoydu, apardı məni rentgenə saldılar. Heç yerdə nə əzintim var, nə çıxığım”.
Hadisə günü həkim Ədilə Səlimovanın ayaqlarını iki dəfə rentgen edib və heç bir sınıq, əzinti aşkar olunmadığını bildirib. Amma hadisədən 12 gün sonra, 2 oktyabrda ekspertiza keçirilib. Ekspertizanın rəyində yazılır : Sol diz və aşıq baldır oynaqların hərəkət məhdudluğu ilə müşaiyət olunan sol diz oynağı, sol baldır və sol ayaq pəncəsi nahiyələrinin hematomaları bərk küt əşyaların təsirindən törənib və bu, avtomobilin qabarıq hissələri ilə vurulma nəticəsində əmələ gələ bilər.
“Ekspertizaya getdim, dedilər nə olub? Hadisəni danışdım, dedi yalan danışma, gizlədirsən. “Biz sənin əlindən şikayət edərik” dedi. Dedim, bax burada nə var oğlum, məndən şikayət edirsən?! Mən ölməmişəm, yaralanmamışam, bir belə qan tökülməyib məndən, niyə şikayət edə bilərsiniz məndən ?! Mən əzilsəydim, bir yerim sınsaydı, bir balaca qan olardı də…”
Ədilə xanım Yasamal rayon Məhkəməsinin qərarını eşidəndən sonra gecələr yata bilmədiyini deyir. O, məhkəmənin Günel Həsənliyə 1 il 6 ay məntəqə tipli cəza verəcəyini gözləmirmiş: “ O balamın goru üçün xəstə olmuşam. Üç gündür mən çörək yemirəm ki, axı bu qızı ( Günel Həsənlini nəzərdə tutur) niyə bədbəxt edirlər heç nəyin üstündə. Sağ-salamat arvadam. Cavanlara heç nə olmasın, mənə nə olur, olsun. Mən ona görə ( Günel Həsənlini nəzərdə tutur) pis oldum, eşitdim halım pisləşdi”.
87 yaşlı qadın məhkəmənin hökmünü baş verən hadisəyə uyğun saymır. O, Günel Həsənlidən heç vaxt şikayətçi olmadığını deyir: “Axı nəyə görə mən xalqın uşağına böhtan atım? Yaxşı deyil axı mənim üçün…Vaxt gələcək yerə qoyulacam, qəbiristanlığa gedəcəyəm. Mən necə cavab verərəm qızım?”