”Polis dedi ki, oğruya iş düşmür”

Pulu oğurlanan qadın indi küçədə gecələdiyini deyir

Source:


Pulu oğurlanan qadın indi küçədə gecələdiyini deyir

Onu hər gün metronun “28 May” stansiyasının yaxınlığında görmək mümkündür. Kiçik piştaxtanın üzərinə siqaret, corab, saqqız, günəbaxan tumu düzüb satır.

60 yaşlarında olan bu qadın özünü Turenka Nikolayeva kimi təqdim edir.

Dediyinə görə, yarıtürkmən, yarıromandır (el arasında qaraçı kimi tanınır). Gəncliyindən bəri Bakıda yaşayıb. İndi də yeganə qazanc yeri elə bu kiçik piştaxtadır. Qışın soyuğunda, yayın istisində onun arxasında dayanıb qəpiyi-qəpiyə caladığını, yaşamaq uğrunda savaşdığını deyir. Amma bu “savaş” çox vaxt onun əleyhinə olur. Elə aylarla yığdığı 500 manatını oğurlatdığı günü də həyatının faciəsi sayır:

“Bakıxanov tərəfdə ayı 70 manata ev tutub qalırdım. Evin bir otağını kirayələdiyimdən qiymətli saydığım nə varsa, özümlə gəzdirirdim, heç kimə etibar etmirdim. Soyulduğum gün də varım-yoxum üstümdə idi…”

Turenka Nikolayevanın sözlərinə görə, gəncliyində ailə qurub, sonra da ayrılıb. O vaxtdan da təkdir. Piştaxtanın arxasında keçirdiyi günlərindən narazı da deyilmiş, ta ki başına gələn oğurluq hadisəsi olanadək:

“Hadisə bir neçə ay əvvəl oldu. Bugünədək yadımdadır. Cavan, ortaboylu biri idi. Qısa, dəri gödəkcə geyinmişdi. Əynində tünd göy rəngdə şalvar var idi. Günün günorta çağı, lap mərkəzdə, kameraların önündə çantamı götürüb qaçdı. İçində bütün sənədlərim və 500 manat pulum vardı. Dalınca qaçdım, kömək istədim, ancaq kimsə mənə məhəl qoymadı. Yaxınlıqdakı Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsinə getdim. Ərizə yazdım, başıma gələnləri danışdım. Oradakı polislər mənə oğrunu tezliklə tapacaqlarını desələr də, aylardır, heç bir xəbər ala bilmirəm”.

Turenka Nikolayeva deyir ki, hazırda pulu olmadığından, kirayə haqqını ödəyə bilmir. Odur ki, “28 May” metrosu yaxınlığında, küçələrdə gecələyir:

“Üstəlik, şəhər mərkəzində başıma gələn bu hadisədən sonra gecələri təkbaşına Bakıxanova getməyə də qorxuram. Yoxsa, bəlkə də, məni küçəyə atmazdılar. Bütün yaxınlarım,  qohumlarım isə xaricdə yaşayır. Onlar Rusiyanın Samara, Moskva və Volqaqrad şəhərlərindədirlər. Arada düşünürəm ki, hər şeyi geridə qoyub gedim yanlarına. Sonra yadıma düşür ki, oğurlanan çantamla birgə sənədlərim də gedib”.

Qadın şəkilini çəkməyə, görüntüsünü yaymağa da icazə vermir. Qorxur ki, təkliyini bilib piştaxtasından qazandığı gündəlik çörəkpulunu da əlindən alarlar.

Turenka Nikolayeva deyir ki, sonuncu dəfə polisə gedəndə, ona: “Həmin şəxsin oğurladığı pul böyük deyil. Ona görə də lap tapılsa belə, oğruya iş düşmür”, – deyilib:

“Bəli, onlar üçün böyük olmaya bilər. Amma mənim düz 7 aylıq kirayəhaqqım idi. Mən o şəxsə görə pulsuz, sənədsiz qalmışam. Tanımadığım insanlar mənə yemək, içmək alıblar. Halbuki çalışıb özüm pul qazana bilirəm. Bir sözlə, polis dadıma çatmadı, eləcə küçədən keçənlərin yardımına möhtac qaldım. Bu vəziyyətdə, pulsuz, sənədsiz nə qədər dözə biləcəyimi isə bilmirəm”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün  Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsi ilə əlaqə saxlayıb. Bölmədən onlara bu barədə müraciət daxil  olmadığını söyləyiblər:

“Sizin dediyiniz ad və soyadda şikayətçi ərizəsi almamışıq”.

Turenka Nikolayeva isə deyir ki, hara müraciət etdiyini də, kimdən kömək istədiyini də yaxşı bilir:

“Sadəcə, axtarmaq onlara sərf etmir. Mən kimsəsiz bir insanam. Burada nə arxam var, nə də tanışım. Görünür, mənim şikayətimə vaxt ayırmaq, mənə görə özlərini əziyyətə salmaq istəmirlər”.

Daxili İşlər Nazirliyindən də bu barədə məlumat almaq mümkün olmayıb.

Ana səhifəXəbərlər”Polis dedi ki, oğruya iş düşmür”