Evinə yağış suyu dolan Binə sakini qurumların biganəliyinə etiraz etdiyini deyir
Xəzər rayonu, 3-cü polis bölməsinin qarşısında dövlət orqanlarının biganəliyinə etiraz olaraq, intihara cəhd edən şəxs həbs olunub. Ona Xəzər Rayon Məhkəməsinin qərarı ilə 8 sutka inzibati həbs cəzası verilib.
Binə sakini oktyabrın 21-22-də yağan yağışlar zamanı evini və ərazidəki işıq transformatorunu su basması ilə əlaqədar ayın 22-də səhər Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Qaz qəza xidmətiə zəng edib. Onun dediyinə görə, yalnız qaz qəza xidmətinin əməkdaşları operativ şəkildə əraziyə gəlib:
“Su yatdığım yerə qədər gəlib çıxmışdı. Trasformatorun da suyun içində qalması bir tərəfdən qorxudurdu. O biri qurumların da biganəliyi lap əsəbiləşdirdi”.
Binə sakini bildirib ki, Daxili İşlər Nazirliyinin 102 xidmətindən əlavə ərazi üzrə sahə inspektoruna da zəng edib.
Daha sonra evdən benzin götürüb, 3-cü polis bölməsinin qarşısına gedib və orada dövlət orqanlarının laqeydliyinə etiraz olaraq, orada özünü yandırmaq istəyib.
Bölmədə polislər onun qarşısını alıb, özü haqqında da xuliqanlıq və polisin tələbinə tabe olmamaq ittihamlarıyla protokol tərtib edib, məhkəməyə çıxarıblar. Məhkəmədən də haqqında 8 sutkalıq inzibati həbs qərarı alıb, Binəqədi qəsəbəsində yerləşən inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya göndəriblər.
Yağışlar zamanı Binə qəsəbəsində evlərini su basan sakinlərdən daha ikisi də həbs olunub. Onların həbsinə səbəb isə yola yığılmış suyun getməsi üçün kanalizasiya quyusunun qapağını açmaqdan ötrü avtomobillərin hərəkətini bir müddət saxlamaları olub. Onların bu hərəkəti xuliqanlıq kimi qiymətləndirilib.