Polis bölməsində qətlə yetirilən qadının ailəsi nədən narazıdır?

Foto: DİN

Zərərçəkən tərəf hakimə etiraz etmək üçün vaxt istədi

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində Xanım Məmmədovanın qətlə yetirilməsilə bağlı cinayət işi üzrə şahid qismində tanınanlardan biri də həmin bölmənin rəisi Seymur Qarayevdir. O, ibtidai istintaq zamanı şahid qismində dindirilib.

Xanım Məmmədovanın qətlilə bağlı məhkəmədə həm zərərçəkmiş tərəf, həm də təqsirləndirilən şəxsin vəkili xahiş edib ki, bu şahid məhkəmədə də dindirilsin, çünki ona veriləsi suallar var. Lakin hakimlər polis rəisini məhkəməyə çağırmaqdan imtina edib.

Xanım Məmmədovanın qətlilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Səbuhi Hüseynovun sədrliyilə baxılır. Məhkəmə qarşısında təqsirləndirilən şəxs qismində dayanan isə Xanım Məmmədovanın həyat yoldaşı – Nizami rayon Polst-Patrul Xidmətinin polis nəfəri İsmayıl Məmmədovdur. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə ittiham olunur.

Martın 1-də məhkəmədə əvvəlcə hakim hadisənin baş verdiyi 24-cü polis bölməsinin rəisinin çağırılıb-çağırılmamasıyla bağlı məsələni müzakirəyə çıxarıb. Həm təqsirləndirilən şəxsin vəkili Qanqa İbrahimov, həm də mərhum Xanım Məmmədovanın qardaşı onun çağırılıb dindirilməsini istəyib.

Lakin Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası bildirib ki, Seymur Qarayevin çağırılmasına ehtiyac yoxdur, onun istintaqdakı ifadəsini elan etmək yetərlidir. Həmin ifadə məhkəmədə elan edilib. O, ifadəsində hadisədən necə xəbər tutması, daxili rabitə vasitəsilə başqalarını məlumatlandırması və s. haqda danışıb.

Daha sonra hakim sənədlərin tədqiqi mərhələsi başlandığını elan edib. Zərərçəkmişin nümayəndəsi buna etiraz edib. Vəkil bildirib ki, məhkəmə prosesinin bu cür gedişi onları qane etmir: “Səbuhi müəllimə etirazımız var. Xahiş edirik, bizə vaxt verin, yazılı şəkildə etirazımızı verək”.

Məhkəmə vəkilə martın 15-nə qədər vaxt verib ki, yazılı şəkildə etirazını hazırlasın.

İttihama əsasən, sentyabrın 29-da Xanım Məmmədova Daxili İşlər Naxirliyinin 102 xidmətinə zəng edərək, həyat yoldaşının onu döyməsindən şikayətlənib. Bu şikayətlə əlaqədar izahat vermək üçün polis bölməsinə çağırılan Xanım Məmmədova sentyabrın 30-da səhər saatlarında bibisi və iki övladı ilə ora gedib. Həyat yoldaşı İsmayıl Məmmədov da onun bölmədə olduğunu eşidəndə ora gedib. Orada təhqiqatçının otağında bu hadisə baş verib.

İsmayıl Məmmədov məhkəmədə ifadəsində özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, polis bölməsinə gedəndə Xanım Məmmədovanı öldürmək niyyətində olmayıb:

“Qayınanama zəng eləyib dedim ki, məndən şikayət eləyibsə, qoymayın, işlədiyim ərazidir. Rüsvay olmaq istəmirdim. Bölmənin qarşısına getdim ki, ora gəlsə, qarşısını kəsim, yalvarıb-yaxarım, qoymayım. Fikirləşdim ki, özümü öldürəcəm. Bölmənin rəisi məni çağırıb irad bildirdi. Rəisin yanından çıxdım, yoldaşımdan üzr istəmək istəyirdim. Mənə hamının yanında “şərəfsiz” dedi. Bir də yaxınlaşmaq istəyəndə dedi ki, “get, işinlə məşğul ol”. Qətiləşdirdim ki, uşaqlarımla halallaşıb, bölmədən çıxıb özümü öldürəcəm. Təhqiqatçının otağında bu anda mənə yenə xoşagəlməz ifadələr dedi, dözə bilmədim. Heç özüm də bilmirəm, necə olub ki, o 15 güllə hamısı atılıb…”

Ana səhifəSosialPolis bölməsində qətlə yetirilən qadının ailəsi nədən narazıdır?