Polis bölməsində ölən şəxslə bağlı araşdırma aparılır

Yaxınları Bəhram İmamverdiyevin narkoman olmadığını deyir

Source:
intihar
intihar


Yaxınları Bəhram İmamverdiyevin narkoman olmadığını deyir

Astarada polis tərəfindən tutulan şəxsin intihar etdiyi bildirilir.

APA

yazır ki

, hadisə ötən həftə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.

Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.

Astara sakinləri Meydan TV-yə faktı təsdiqləyiblər. Adının açıqlanmasını istəməyən Astara fəallarından biri deyir ki, Bəhram İmamverdiyevin intihar xəbəri ilə bağlı rayonda müxtəlif fikirlər dolaşır:

“Kimi deyir, narkoman imiş, polis saxlayıb, buna görə intihar edib. Kimi də, ümumiyyətlə, narkomaniya ilə əlaqəsinin olmadığını söyləyir. Tanıyanlar isə deyirlər ki, Şiyəkərandan olan sadə ailənin övladıdır. Evlidir, 3 uşağı var, narkoman deyil. Ancaq polis baş verən hadisəni necəsə ört-basdır etmək üçün onun narkoman olması məlumatını yayıb. Hələ onun buna görə xəstəxanada yatdığını da deyənlər var. Ancaq onların əlində heç bir fakt, sübut yoxdur”.

Astara rayon Polis Şöbəsinin adının açıqlanmasını istəməyən əməkdaşı isə bildirib ki, həbs edilən, saxlanılan adamların üzərindəki təhlükəli əşyalar götürülür. Əslində saxlanılan şəxsin üzərində özünü asmaq üçün istifadə edə biləcəyi heç nə olmamalı idi:

“Prosesdə iştirak etməmişəm. Həmin şəxs narkotiklə bağlı saxlanılmışdı. Ölümü ilə bağlı dəqiq nəsə açıqlamırlar, intihar deyirlər. İşi gizli saxlayırlar. Buna görə şöbəyə yoxlama da gəlib, ciddi araşdırırlar. Gah şalvarı, gah da mələfə ilə özünü asdığını deyirlər. Bilmirik, həmin gün idarədə çox adam olmayıb. Bizə belə dəqiq nəsə demirlər”.

Meydan TV əməkdaşı Bəhram İmamverdiyevin ailəsi ilə əlaqə saxlasa da, bu barədə danışmaq istəməyiblər. Yalnız onu deyiblər ki, mərhumun narkotika ilə əlaqəsi olmayıb, şərlənib.

Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Rəsmi məlumatda B.İmamverdiyevin narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edildiyi deyilir.

Baş Prokurorluğun mətbuat xidmətindən BBC Azərbaycancaya hadisə ilə bağlı cinayət işi açıldığı

bildirilib

.

Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünü öldürmək həddinə çatdırmaq maddəsi ilə cinayət işi açıldığını söyləyib:

“Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilib”.

Daha öncə də Azərbaycanın müxtəlif bölgələrindəki polis bölmələrində ölüm hadisələri olub.

Ötən ilin əvvəlində Lənkəran rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva Rayon Polis İdarəsində dəhşətli işgəncələrə məruz qaldığını

söyləmişdi

.  O, bölmədə etmədiyi cinayəti boynuna qoymaq üçün döyüldüyünü deyirdi. Yaqut Əliyeva daha sonra özünü üçüncü mərtəbədən atmışdı. O, polis idarəsində namusuna toxunacaqlarından ehtiyat edərək bu addımı atdığını söyləmişdi.

2017-ci il, martın 27-də Goranboy şəhər sakini Rəşad Qarayev polis şöbəsində ifadə verərkən səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq vəfat edib.

Ötən il aprelin 10-da isə Lənkəran rayonundakı Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında da intihar hadisəsinin baş verdiyi deyilirdi.

Soyğunçuluq məqsədilə evə basqın edərək ev sahibinə ölümlə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılan Xolmili kənd sakini, 40 yaşlı Fail Hüseynov polis kapitanı Fuad Nurullayevə məxsus xidməti tapançadan açılan atəşdən ölmüşdü.

2 il öncə isə Mingəçevir şəhərində 27 yaşlı Bəhruz Hacıyevin polis bölməsində döyülərək qətlə yetirildiyi iddia edilirdi. Polis isə onun ifadə prosesində özünü pəncərədən atdığını söyləyirdi.

Elə prokurorluqdakı araşdırmanın sonunda da gəncin qohumlarının iddialarının təsdiqlənmədiyi açıqlandı. Bəhruz Hacıyevin atası oğlunun ölümünün gerçək səbəblərinin ört-basdır edildiyini deyirdi.

Ana səhifəXəbərlərPolis bölməsində ölən şəxslə bağlı araşdırma aparılır