Polislərin AXCP üzvü Gülnarə Rahimovanın evinə basqın etdiyi deyilir. Bu barədə AXCP üzvləri Meydan TV-yə məlumat verib.
“Polislər əvvəlcə onu evindən götürməyə çalışıblar. Daha sonra Gülnarə Rəhimova qızını məktəbə yola salarkən polislər onu maşınla və piyada izləyirlər. Maşınlardan birinin nömrə nişanı: 99-RA-315. Uşağı məktəbə qoyub, qayıdanda AXCP üzvünə hücum olur. Onun hara aparıldığı məlum deyil”.
Hadisəni əks etdirən foto və video görüntülər də var.
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılaraq 8-ci Polis Bölməsinə aparılıb.
Jurnalist Türkan Bəşir də saxlanılıb. Jurnalist olduğunu və aksiyanı çəkdiyini desə də, polislər məhəl qoymayıblar.
AXCP üzvü Səadət Cahangir daha bir neçə partiya üzvünün saxlanıldığı haqda məlumat yayıb. Bildirib ki, Saqif Qurbanov, Elzamin Salayev, Elxan Əliyev və Rövşən Məmmədov saxlanılıb.
AXCP və D18 Hərəkatının üzvlərinin saxlanıldığı bildirilir
Dekabrın 23-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvünü polis saxlayıb.
Səbəb “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həbs edilən ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə elan etdiyi aksiyadır.
Dekabrın 9-da Xətai Rayon Məhkəməsi ictimai fəalı 1 ay 20 gün müddətinə həbs edib.
Bu gün Bakı Apelyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı şikayətinə baxıb.
İctimai fəallar da məhkəmənin qarşısında saxlanıb.
AXCP üzvləri bildirib ki, saxlanılanlar arasında AXCP Xətai şöbəsinin sədri Faiq Nağıyev, AXCP üzvü Tofiq Məmmədov və reportyor Emil Manıyev də var. ADR Partiyası sədrinin müşaviri Hüseyn Məlik bu gün səhər saatlarında saxlanılaraq 41-ci polis bölməsinə aparılıb.
Onların sözlərinə görə bu gün Bakı Apelyasiya Məhkəməsinin qarşısına xeyli polis cəlb edilib.
Hadisə yerində olan Meydan TV əməkdaşının məlumatına görə, D18 Hərəkatının üzvləri – Afiyəddin Məmmədov və Samir Sultanov da Apelyasiya Məhkəməsinin yaxınlığında saxlanılıblar.
Dekabrın 23-də polis həmçinin ictimai fəallardan bəzilərinin evinə gedib. Səbəb baş tutacaq hər hansı aksiyanın qarşısını almaq olub.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının aksiya ilə bağlı elanına da Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Aparatından müsbət cavab verilməyib.
Saxlanılanlarla bağlı məlumata, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Dekabrın 22-də Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov jurnalistlərə bildirmişdi ki, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.
Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, ittihamları qəbul etmir.
Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.
Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.
O, hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyətinin tənqidçisidir.