Bələdiyyə sədri: ”Həqiqətən gecələr kənddə gəzən var, ancaq bu, hansısa məxluq yox, adi insandır”
Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Qoşaqovaq kəndini nəzarətə götürüb, kənd ərazisində polis postları qurulub.
Bu barədə “Report”un Şirvan bürosunun müxbirinə kənd bələdiyyəsinin sədri Cəbrayıl Həşimov məlumat verib.
Bələdiyyə sədri bildirib ki, kənd ərazisinə axşam saatlarında giriş-çıxış polis tərəfindən məhdudlaşdırılıb: “Həqiqətən gecələr kənddə gəzən var. Ancaq bu, hansısa məxluq yox, adi insandır. İndiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib. Sakinlərin gözünə görünən bu insan təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır”.
Kənd sakini İlham Eyyubovun sözlərinə görə, müxtəlif boyda və görkəmdə olan şəxslər gecə saat 12-dən 4-ə qədər kənd ərazisində gəzirlər: “Dəfələrlə onları tutmaq istəmişik. Lakin onlar bizim keçə bilmədiyimiz tikanlı məftillərin, hündür hasarların üstündən asanlıqla keçib qaça bilirlər”.
Baş verən hadisə ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları naməlum şəxs və ya şəxslərin tutulması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.