Ona sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib
İyunun 30-da Ağdam Rayon Polis Şöbəsinin əməkdaşının işğaldan azad olunmuş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşərək xəsarət aldığı bildirilir.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı araşdırma aparıldığı bildirilib.
TƏBİB-in məlumatına görə, xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə qəbul edilib.
37 yaşlı kişiyə sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.
Azərbaycanın rəsmi qurumlarının məlumatına görə, İkinci Qarabağ müharibəsindən sonra 70 nəfər minaya düşərək həlak olub, 300 nəfər isə müxtəlif xəsarətlər alıb.
Ermənistan xeyili müddət minalanmış ərazilərin xəritələrini təqdim etməmişdi, lakin sonradan Azərbaycanda saxlanılan bəzi hərbçilərin qaytarılması müqabilində bu xəritələrin bir hissəsini verilmişdi.
Azərbaycan rəsmiləri isə həmin xəritələrin əksəriyyətinin qeyri-dəqiq olduğunu bildirmiş, Ermənistan isə əlində olan bütün xəritələri təqdim etdiyini bəyan etmişdi.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Tərəflər bu ilin martında sülh sazişin üzrə razılığa gəldiklərini açıqlasalar da, hələlik iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb.