Marketoloq deyir ki, istehlakçı etiraz etsə, ticari nöqtələr loqonu ləğv edəcəklər
2023-cü il fevralın 15-dən Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başlanılıb.
Polietilen torbalar ölçüsündən asılı olaraq ayrıca məhsul növü kimi 1, 3, 5 qəpiyə satılır.
Belə paketlərin pulla satılması ekoloji faktorla əlaqələndirilir. Lakin lazımi təbliğat aparılmadığı üçün insanlar kor-koranə əhəmiyyət vermədən, hələ də polietilen paketlərdən istifadəni davam etdirirlər.
Burada daha bir məqam bu paketlərin məlumat daşıyıcısı qismində reklam üçün də geniş istifadə edilməsidir.
İstehlakçı Azər Mirzəyev Meydan TV-yə deyir ki, pul verib paketi almasına baxmayaraq, üstəlik, mağazanın da əmtəə nişanını yayımlamış olur:
“Bir ildən çoxdur ki, Azərbaycanda polietilen torbaların satışına başlanılıb. Marketlərdən alış-veriş zamanı 3-5 qəpiyə plastik torbalar alırıq. Pul verdiyimiz halda, marketin və ya mağazanın reklamını daşıyırıq. Bu, nə dərəcədə doğrudur? Həm pul veririk, həm də mağazanı və ya marketlər şəbəkəsini reklam edirik”.
Marketoloq Müşfiq İskəndərov isə Meydan TV-yə bildirir ki, tez istehlak edilən gündəlik tələbat mallarının satışı zamanı torbaların üzərində əmtəə nişanının yerləşdirilməsi dünyada qəbul olunmuş qaydadır:
“Dünyada tez istehlak edilən gündəlik tələbat mallarının satışı ilə məşğul olan markalar öz əmtəə nişanlarını bu cür bağlamaların üzərinə yerləşdirirlər. Bu, polietilen torbaların pulla satılmadığı dövrdə də belə idi. Paketlərin üzərində əmtəə nişanlarının olması, məhsul alıcılarını yayımçı kimi göstərən bir amil deyil. Çünki kütləvi hal daşıyır. Biz üzərimizdə hansısa əmtəə nişanını daşıyırıqsa, belə olan halda məhsulla hüquqlar avtomatik özümüzə ötürülür – biz bunu daşımaq istəyirik, yoxsa yox”.
Marketoloq deyir ki, hər hansısa markanın loqosunu daşımaq istehlakçının öz seçimidir:
“Dünyada ekopaket dövrünə keçilib. Biz bu paketlərdən istifadə edə bilərik. Üzərində də heç bir əmtəə nişanı yoxdur. Bu, istehlakçının davranışına bağlı məsələdir. İstehlakçı desə ki, mənə loqo olmayan paket ver, sənin məhsulunu daşımaq istəmirəm. Elə olan halda ticari nöqtələr də buna uyğun davranmağa başlayacaq. Amma istehlakçıdan belə bir rəy gəmir deyə onlar loqolarını reklam daşıyıcılığında istifadə edirlər”.
BMT-nin məlumatına əsasən, dünyada hər il 13 milyard plastik torba istehsal olunur və hər il okeanlara 8 milyon ton plastik düşür.
Bu səbəbdən bir çox ölkələrdə polietilen torbalara və plastik qab-qacaqlara, ümumiyyətlə, qadağa qoyulub, bəzilərində isə ictimai-iaşə obyektlərində polietilen torbalar pulla satılır.
Bununla da onların istifadəsini azaltmağa çalışırlar.