Poladəritmə zavodunun həbsdə olan sabiq rəhbəri: “19 ayda xəbərim olmayıb ki, ittihamda nə yazılıb”

Rasim Məmmədov. Mənbə: “Newsmilli”

55 milyonluq yeyintidə ittiham olunan Rasim Məmmədovun məhkəməsi başladı

“Baku Steel Company” şirkətinin – poladəritmə zavodunun sabiq rəhbəri, 1 il 7 aydır həbsdə olan Rasim Məmmədovun məhkəməsi başlayıb. 55 milyonluq mənimsəmə və israfetmədə ittiham olunan şirkət rəhbərinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Avqustun 26-da hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Rasim Məmmədovun vəkili Elçin Sadıqov cinayət işinin materiallarıyla tanış olmaq üçün iki həftə vaxt istəyib. O bildirib ki, nə özü, nə də müvəkkili materiallarla tanışdır:

“Əgər mən iş materiallarında nə yazıldığını, söhbətin nədən getdiyini bilmirəmsə, müdafiə işini necə qurum?”

Rasim Məmmədov özü də deyir ki, nəinki iş materiallarıyla tanış deyil, heç ona ittiham aktı da verilməyib:

“Nə ittiham aktı, nə də başqa sənəd görmüşəm. 19 ay ərzində xəbərim olmayıb ki, o ittihamda nə yazıblar…”

Vəkilləri deyir ki, o, 1 il 7 ay ərzində cəmi üç dəfə dindirilib, amma məhkəməyə onunla bağlı 13 cildlik iş göndərilib.

Hakim iş materiallarıyla tanışlıq üçün müdafiə tərəfinə 1 həftə vaxt verib.

Vəkil Elçin Sadıqovun daha bir vəsatəti isə Rasim Məmmədovun məhkəmənin hökmünə qədər ev dustaqlığına buraxılması haqda olub. O, vəsatətini əsaslandırarkən müvəkkilinin üç övladının olması, onlardan birinin yetkinlik yaşına çatmaması, səhhətindəki problemləri vurğulayıb:

“Yaşayış yeri məlumdur, artıq istintaq başa çatıb, kiməsə təsir göstərmək imkanı yoxdur. Yəni həbs qətimkan tədbiri seçilməsi üçün göstərilən hallar aradan qalxıb”.

Məhkəmə bu vəsatəti təmin etməyib.

Vəkil həmçinin bu məhkəmə prosesinin audio və video yazı aparılmaqla keçirilməsi, Rasim Məmmədovun şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsinə imkan verilməsi kimi vəsatətlər də qaldırıb. Lakin bu vəsatətlər baxılmamış saxlanılıb. Məhkəmə bu məsələlərə hazırlıq iclasının yekun qərarında münasibətini açıqlayacaq.

Məhkəmənin hazırlıq iclası isə sentyabrın 2-də davam edəcək.

1976-cı il təvəllüdlü Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

Ana səhifəSosialPoladəritmə zavodunun həbsdə olan sabiq rəhbəri: “19 ayda xəbərim olmayıb ki, ittihamda nə yazılıb”