Polad İstehsalı Kompleksinin sədri işdən çıxarıldı

Dövlət başçısının qərarı kollektiv üçün gözlənilməz olub

Source:


Dövlət başçısının qərarı kollektiv üçün gözlənilməz olub

Prezident İlham Əliyev iyulun 23-də Samir Cəfərovun “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

ASPC-də Turan-a bildiriblər ki,  dövlət başçısının qərarı kollektiv üçün gözlənilməz olub. Samir Cəfərov dünənə qədər iş yerində olub.

Samir Cəfərov Türkiyənin Uludağ və Hacettepe universitetlərində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, magistr və doktorluq dərəcələri alıb. Moskva Dövlət Universitetində elmi işlə məşğul olub. Türkiyədə metal emalı üzrə fəaliyyət göstərən şirkətdə məsul vəzifələrdə çalışıb, bir sıra ölkələrdə metallurgiya sahəsində şirkətlər qurub, sahibkarlıqla məşğul olub.

2008-ci ildən 2014-cü ilədək Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəri olub.

Nizamnaməyə əsasən, ASPC İH sədrinin 3 müavini ölkə prezidentinin qərarı ilə qəbul edilir və azad edilir. Amma belə təyinat olmayıb.

ASPC 2013-cü ilin aprelində yaradılıb. Həmin ildə Yaponiyanın Marubeni korporasiyası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yeni metallurgiya kompleksinin yaradılmasının texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün cəlb edilib. Kompleksin layihələndirilməsi və tikintisi üzrə şirkət cəlb etmək üçün də iş aparılıb.

ASPC Gəncədə metallurgiya kompleksi tikintisi ideyası ətrafında situasiyanın qızğın çağında yaradılıb. Daşkəsən Dağ-mədən kombinatının səhmlərinin 97%-i özəlləşdirən Det.Al Holding-dən başqa, “Baku Steel Company” MMC də buna iddialı olub. Dövlət “Daşkəsən Filizsaflaşdırma” ASC-nin səhmlərini Det.Al Holdingdən alıb və onun bazasında şirkət yaradıb. 2014-2015-ci illərdə dövlət büdcəsindən yeni metallurgiya kompleksinin tikintisi üçün bir neçə milyon manat ayrılıb.

“Turan”ın məlumatına görə, bu şəraitdə də “Baku Steel Company” MMC rəhbərliyi Daşkəsən dəmir filizi yataqlarını ələ keçirmək niyyətindən əl çəkməyib. Samir Cəfərovun işdən azad edilməsi “Baku Steel Company” MMC-nin qələbəsinin ilk simptomu kimi də xarakterizə edilir. Mütəxəssislərə görə, ikinci mərhələdə dövlət ASPC-in idarə edilməsini “Baku Steel Company” MMC-yə tapşıra bilər və bununla Azərbaycanda dəmir filizi uğrunda mübarizə həllini tapacaq.

Ana səhifəXəbərlərPolad İstehsalı Kompleksinin sədri işdən çıxarıldı