Podolyak: “Rusiyanın Ukraynada keçirdiyi referendumun mənası yoxdur”

Mixail Podolyak. Foto: https://www.perild.com/

“Rusiyalıların psevdoreferendumu hərbi əməliyyatları dayandırmayacaq”

Rusiya-Ukrayna müharibəsi yalnız Kiyevin şərtləri ilə başa çata bilər, yəni işğalçılar dövlətimizin bütün ərazisini tərk etməlidirlər.

Bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə rusiyalıların psevdoreferendumu hərbi əməliyyatları dayandırmayacaq:

“Rusiyanın bu ərazilərdə təklif edə biləcəyi hər hansı uydurma referendumun və ya hər hansı digər hüquqi formatın heç bir mənası yoxdur. Hamı başa düşür ki, bu, sadəcə, başqa ölkənin ərazilərinin ilhaqıdır. Ona görə də müharibə bu ərazilər azad edilənə qədər davam edəcək”.

O, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dünənki açıqlamasına da reaksiya verib:

“Lavrovun bəyanatı sırf daxili bazara yönəlmiş təbliğat xarakterli bəyanatdır. Bu gün Rusiya Xarici İşlər Nazirliyi çox qeyri-peşəkardır və tədricən Rusiyanın Ukraynada hansı növ müharibə apardığı barədə həqiqəti söyləməyə başlayır. Yalnız iki məqsəd var: birincisi, Ukrayna dövlətçiliyinin məhv edilməsi, Kiyevin, hökumət mərkəzinin ələ keçirilməsi, hökumətin məhv edilməsi. İkinci məqsəd Ukraynaya qarşı ərazi iddialarıdır. Yəni klassik orta əsr işğalçı ordusu yad ölkəyə daxil olub və onun ərazisini qismən ələ keçirib. Başqa məqsədləri yoxdur”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 20-də “coğrafi” vəzifələrinin dəyişdiyini bildirib.

Lavrov deyib ki, Qərb ölkələri Ukraynanı uzaqmənzilli silahlarla təchiz etməyə davam edərsə, o zaman Rusiya ordusunun coğrafi vəzifələri genişlənəcək:

“İcazə verə bilmərik ki, ərazimizdə və öz gələcəyini müəyyən etmək istəyənlərə təhlükə törədən silahlar olsun”.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaPodolyak: “Rusiyanın Ukraynada keçirdiyi referendumun mənası yoxdur”