Əli Kərimli: “Hakimiyyət mitinq təşkilatçılarından qisas alır”
“Siyasi baxışlarıma görə məni işdən çıxardılar”. Bunu Meydan TV-yə Bakının Zirə qəsəbəsində yerləşən 120 saylı poçt şöbəsinin poçtalyonu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mehriban Hüseynli deyib.
O, işdən çıxarılmasının səbəbini hakimiyyətə müxalif düşüncəli olması ilə əlaqələndirir:
“Həmişə rabitə sahəsindəki yarıtmaz idarəçiliyə etiraz etmişəm. Haqqım uğrunda mübarizə aparmışam. Nəticəsi də bu oldu”.
M.Hüseynli deyib ki, onu çoxdan işdən çıxarmağı istəyirdilər, sadəcə işində nöqsan tapa bilmirdilər:
“Əhali ilə əlaqəni yaxşı qurmuşdum. İşimi axsatmırdım. Odur ki, bəhanə tapa bilmirdilər. Hər dəfə mitinqöncəsi təzyiqlər olurdu. Dəfələrlə gah polisi, gah da yerli icra nümayəndəsini şöbə rəisimizlə danışmağa göndəriblər. Hətta sentyabrın 23-də kiçik həyətyanı torpaq sahəmdə çalışan fəhlələrin işini saxlayıb onları hədələmişdilər. Guya sənədimizin qanuni olub-olmadığını yoxlayırdılar. Sonuncu mitinqdən əvvəl də belə hadisə olmuşdu. Bütün bunlar insanları sadəcə yormaq üçündür”.
M.Hüseynli Zirə ərazisinin əvvəlki illərə nisbətən xeyli böyüyüb abadlaşdığını, sakinlərinin sayının artdığını söyləyir:
“Zirədən 6-7 km məsafədə Qışlaq sahələri var. Burada daha çox gəlmə sakinlər yaşayır. Həmin hissəyə əlavə adam baxmırdı. İki nəfər xanım poçtalyon beş nəfərin yerinə səhərdən axşama qədər işləyirdik. Əmək haqqımız da cüzi idi. Poçta isə gün ərzində azı 40, çox olanda da 80 məktub gəlir. Onları maşınla paylamaq çətindir. Biz çox yerə piyada gedirdik. Məktubların çox gəldiyi bir gün 4 saylı Poçt Filialının əməkdaşları Esmiralda Müslümova və Pərzad Məmmədova içəri daxil oldular. Məktubları niyə paylamadığımı soruşdular. Mən onlara çətindir, ancaq öhdəsindən gəlirik desəm də dinləmədilər. Bu zaman onlara sual verdim ki, niyə ştatda lazımi qədər poçtalyonlar yoxdur? Mənimlə mübahisə etdilər. Bunun onlara dəxli olmadığını dedilər. Yoxlama cəmi 20 dəqiqə çəkdi, çıxıb getdilər. Sonra mənə zəng edib işdən çıxarılma əmrimin gəldiyini dedilər”.
M.Hüseynli deyir ki, bundan sonra onun işdən çıxarılmasına etiraz edən poçtun digər üç əməkdaşı da işdən ayrılmaq barədə ərizə yazıblar. O, bu haqda “Facebook” sosial şəbəkəsindəki səhifəsində də yazıb:
“Bu xanımlar nə siyasətçidirlər, nə siyasətə qoşulublar, nə də hər hansı bir siyasi partiyanın üzvləridir. Rabitəçidirlər. Uzun illər işlədikləri müddətdə dә, ən ağır, dözülməz əmək şəraitində də, daim yuxarı rütbəli haqsız rəhbər işçilərin basqıları altında da, cüzi əmək haqqı müqabilində də saflıqlarını itirməyən, sakinlərə vicdanla xidmət göstərən ərazinin ən dürüst, bacarıqlı, peşəkar qəhrəman əməkdaşlarıdır. Hətta məni də qınayırdılar ki, odla çox oynamayım, özümə rəhmim gəlsin. Lakin oktyabrın 4-də çox mənasız bir ittihamla, qəfil işdən çıxarılmağıma gözləmədiyim şəkildə qəti etiraz edib işdən istefa verdilər, poçtu bağladılar. Onlara qalmaları üçün baş idarədən nə qədər xahiş etsələr də, qayıtmadılar”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün 120 saylı poçt şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən Mehriban Hüseynlinin həqiqətən də işdən çıxarıldığını təsdiqləyiblər:
“Bəli, həmin xanım bizim poçtda poçtalyon olub. Bu ayın əvvəli işdən çıxarılıb. Onun çıxarılması ilə bağlı qərarı müdiriyyət verib. Odur ki, siz baş şöbəyə müraciət edin”.
“Azərpoçt” MMC-dən isə məsələdən xəbərsiz olduqları bildirilib:
“Həmin xanımın kim olduğunu bilmirik. İşdən çıxarılması ilə bağlı sizdən eşidirik. Dediyiniz poçt şöbəsi kənddədir. Maraqlanarıq, görək nə məsələdir”.
AXCP sədri Əli Kərimli də Mehriban Hüseynlinin işdən çıxarılmasına münasibət bildirib. O, bu barədə “Facebook” səhifəsində yazıb:
“Mehriban Hüseynli mübariz xanımdı. AXCP Mitinq Komitəsinin Xəzər rayonu üzrə məsul nümayəndəsidir. Mitinqlərin artan xətlə davamından təşvişə düşmüş hakimiyyət mitinqin təşkilatçılarından qisas alır. Mehriban xanıma 120 saylı poçt şöbəsində işləməyi də çox gördülər. Onu da mitinqin təşkilatçısı olduğu üçün işdən çıxardılar”.
Mehriban Hüseynli Milli Şuranın son, 23 sentyabr və 7 oktyabrda keçirdiyi mitinqlərdən sonra işdən çıxarılan tək insan deyil.
Bakı Şəhər Təcili Yardım Stansiyasında həkim işləyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri müavini Həsrət Rüstəmov da oktyabrın 6-da işdən uzaqlaşdırılıb.
O, səbəb kimi sonuncu mitinqlərdə iştirak etməsi olduğunu söyləyib.
“Dekabrda stansiyada işləməyimin 5 ili tamam olacaqdı. İmkan vermədilər, çıxardılar. Özü də Bakı Şəhər Təcili Yardım Stansiyasına imtahanla qəbul olmuşdum”
AXCP-nin Ağsu rayon şöbəsinin üzvü Mirdamət Həsənov da oktyabrın 2-də işlədiyi Kommunal Təsərrüfat İdarəsindən çıxarılıb. O da səbəb kimi Milli Şuranın 23 sentyabr mitinqində iştirak etməsini deyib.
AXCP-nin Rəyasət Heyətinin üzvü Eldar Hüseynov Dövlət İqtisad Universiteti İnformasiya və İqtisadi Texnologiyalar kafedrasından, cəbhəçi Elmi Usubov isə həkim işlədiyi tibb müəssisəsindən çıxarılıb. Onlar da eyni səbəbi göstəriblər.
Milli Şura sentyabrın 23-də və oktyabrın 7-də Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirib.
Aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb. Mitinqdə “Talana yox”, “İstefa” kimi şüarlar səslənib. Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti tənqid edib. Onlar hakimiyyətin neft siyasətinin xalqın yox, bir ailənin mənafeyinə xidmət etdiyini deyiblər.
Mitinqöncəsi aksiyanın təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilərək, xəbərdarlıq aldıqlarını da bildiriblər.
2017-ci ilin əvvəlində də AXCP-nin bəzi üzvləri mitinqdə iştiraka görə işdən çıxarılmışdı. İşdən çıxarılanların əksəriyyəti müəllimlər idi.
Onlardan AXCP Neftçala təşkilatının fəalları Əflatun Əhmədzadə və xanımı Ülkər Əhmədzadə sentyabrın 25-də məhkəmənin qərarı ilə yenidən işə bərpa ediliblər.
Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.