SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən “Neft Daşları”nın 3 əməkdaşının axtarışları davam edir.
“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
“Saat 11:00-a olan məlumata görə, axtarışlar heç bir nəticə verməyib. Hava açılan kimi, helikopterlər də axtarışlarda olan gəmilərə qoşulub. Axtarışlar davam etdirilir”, – deyə B. Ağarəhimov bildirib.
Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: “Yanğının söndürülməsi ilə 7 gəmi məşğul olurdu. Bu gün ərzində gəmilərə daha 1-i qoşulacaq”.