“Bakı, Moskva və Tehran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin effektivliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi ilə bağlı yeni layihələr reallaşdırmaq niyyətindədir”
“Tərəflər regionda həll edilməyən münaqişələrin bölgədə əməkdaşlığa böyük mane olduğunu etiraf edirlər”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Bakıda keçiriləcək üçtərəfli görüşünün bəyannamə layihəsində bildirilir.
Sənəddə münaqişələrin beynəlxalq hüquq normaları əsasında və danışıqlar yolu ilə həllinin əhəmiyyəti qeyd olunub.
Layihədə tərəflər Xəzərin hüquqi statusu haqqında konvensiyanın qəbul olunmasının, eləcə də sülh, dostluq, təhlükəsizlik sahələrində əməkdaşlığın vacibliyini etiraf ediblər.
“APA-Economics” yazır ki, Azərbaycan, Rusiya və İran nəqliyyat infrastrukturunun, o cümlədən “Şimal-Cənub” dəhlizinin inkişafı üçün tədbirlər görəcək.
“Tərəflər iqtisadi cəhətdən sərfəli və ətraf mühit üçün ekoloji cəhətdən təhlükəsiz olan nəqliyyat infrastrukturunun yaradılmasına yönələn regional nəqliyyat və rabitə imkanlarının inteqrasiyası üçün səylərini dəstəkləmək niyyətindədir.
Tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca sərnişin və malların daşınması imkanlarını yaxşılaşdırmaq məqsədi ilə nəqliyyat-rabitə infrastrukturunun inkişafı üçün effektli addımlar atmaq niyyətindədir”, – deyə bəyannamə layihəsində vurğulanıb.
Bəyannamədə həmçinin qeyd olunub ki, rəsmi Bakı, Moskva və Tehran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin effektivliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi ilə bağlı yeni layihələr reallaşdırmaq niyyətindədir.
“Ria Novosti” yazır ki, hər üç ölkə qarşılıqlı maraqların toqquşduğu sahələrdə işçi qrupu yaratmaq haqqında qərar qəbul edib.
Avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli samiti keçiriləcək.