“The Times of Israel”: “Səfər qonşu ölkələr arasında münasibətlərin yaxınlaşmasına işarədir”
İran Prezidenti Məsud Pezeşkianın gələn həftə Azərbaycana səfəri gözlənilir.
İsrailin “The Times of Israel” qəzeti yazır ki, Pezeşkianın gələn həftənin bazar ertəsi üçün planlaşdırılan səfəri qonşu ölkələr arasında münasibətlərin yaxşılaşmasına işarədir. Bildirilir ki, Pezeşkianı Azərbaycan Prezident İlham Əliyev dəvət edib.
Səfərdən əvvəl Pezeşkian əlaqə yaratmaq üçün daha geniş səylər çərçivəsində iki ölkə arasında münasibətlərin və əməkdaşlığın “sürətli və əhəmiyyətli yaxşılaşmasına” ümid etdiyini bildirib.
Nəşr yazır ki, iki ölkə arasında münasibətlər illərdir gərgin olub. Buna, əsasən Bakının İsraillə sıx əlaqələri və 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdur.
Digər mübahisəli məqam “Zəngəzur dəhlizi”dir, Tehran İranın Ermənistanla sərhədi boyunca uzanacaq layihəyə qəti şəkildə qarşı çıxır.
Ötən il İran və Azərbaycanın Xəzər dənizində iki günlük birgə hərbi dəniz təlimləri keçirməsi münasibətlərin istiləşməsinə işarədir.
İranın “Iran Front Page” platforması xəbər verir ki, Pezeşkian Bakıya rəsmi səfəri ərəfəsində keçirilən koordinasiya iclasında “Azərbaycan Respublikası və İran bir bədənin hissələridir, sərhədin hər iki tərəfindəki xalqlar minillik dərin dostluq və ümumi dəyərlərə söykənən geniş qarşılıqlı maraqları bölüşür”, – deyib.
İran Prezidentinin sədrliyi ilə keçirilən yüksək səviyyəli iclasda İranın xarici işlər, energetika, turizm, rabitə və kənd təsərrüfatı nazirləri, həmçinin Mərkəzi Bankın rəhbəri, siyasi müşavirlər və sərhədyanı əyalətlərin valiləri iştirak ediblər.