Peyvənd olunmaq istəməyən Bakı sakini həbs edilib

Söhbət koronavirus əleyhinə vaksinasiya zamanı tibb bacısının görüntü yaradıb, əslində isə peyvəndi vurmaması ilə bağlı videogörüntülərdən gedir.

Foto: Meydan TV


İki tibb bacısı cəzalandırılıb

Koronavirus əleyhinə peyvənd olunmaq istəməyən Bakı sakini Samir Gözəlov həbs olunub. Ona 30 gün inzibati həbs cəzası verilib.

Samir Gözəlovla yanaşı, ona vaksinasiya prosesindən yayınmağa kömək etməkdə ittiham olunan daha iki nəfər də cəzalandırılıb. Bunlar 14 nömrəli Bakı Şəhər Xəstəxanasının Xəzər rayon dairəsinin tibb bacıları Təbəssüm Kərimova və Südabə Məmmədyarovadır.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, bugünlərdə sosial mediada və bir sıra media orqanlarında yayılan videogörüntülərlə bağlı araşdırma aparılıb. Söhbət koronavirus əleyhinə vaksinasiya zamanı tibb bacısının görüntü yaradıb, əslində isə peyvəndi vurmaması ilə bağlı videogörüntülərdən gedir. Bu faktla bağlı İcbari Tibbi Siğortadan daxil olmuş material Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində araşdırılıb. Məlum olub ki, hadisə aprelin 21-də Xəzər rayonunda yerləşən 26 saylı orta məktəbdə vaksinasiya prosesi zamanı baş verib. Tibb bacılarının isə Təbəssüm Kərimova və Südabə Məmmədyarova olduğu müəyyənləşdirilib.

Bir sıra iş yerlərində əməkdaşlara COVİD-19 əleyhinə peyvənd olunmaq şərt kimi qoyulub. Samir Gözəlov bu üzdən vaksinasiya prosesinə qoşulsa da, peyvənd olunmaq istəməyib.

“Samir Gözəlovun təklifi əsasında tibb bacısı peyvəndi şprisə doldurmaqla vurma görüntüsü formalaşdırıb. Həmin şəxs peyvəndlənmiş kimi qeydə alınıb. Dövlət hesabına alınaraq, əhaliyə pulsuz vurulan peyvənd təyinatı üzrə istifadə edilməyərək, israf olunub”, – prokurorluqdan bildirilib.

Adları çəkilən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 227-ci (xırda talama) maddələrilə icraat başlanıb. Onların işinə Xəzər rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarıyla Samir Gözəlova 30 günlük inzibati həbs, Südabə Məmmədyarovaya 200 saat ictimai işlər cəzası verilib, Təbəssüm Kərimova isə 400 manat cərimələnib.

Ana səhifəSosialPeyvənd olunmaq istəməyən Bakı sakini həbs edilib