Səbəb Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının fəaliyyətidir
Fevralın 12-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalkonun Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi məlumat yayıb.
Nazirlik qeyd edir ki, Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha Peter Mixalkonun diqqətinə çatdırılıb:
“Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib”.
“Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə, qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi vurğulanıb. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanafobiyanın genişləndirilməsi üçün istifadə olunduğu qeyd edilib”, – XİN belə yazıb.
“”Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurduğu bildirilib. Bununla yanaşı, monitorinq missiyasının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisə, bu missiyanın bəyan edilmiş tapşırıqlarına ciddi kölgə salır. Bu qəbildən narahatlıq doğuran fəaliyyət heç bir şəkildə qeyd olunan missiyanın neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir”, – deyə XİN əlavə edib.
Nazirlik həmçinin qeyd edir ki, Ermənistan ərazisində yerləşdirilən missiya bəyan edilmiş mandatına uyğun olaraq neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməlidir:
“Habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün lazımi tədbirlər görməyə dair Aİ tərəfinə ciddi şəkildə çağırış edilib”.