Peter Mixalko: “Azərbaycanda media əvvəlki illərə nisbətən geriləyib”

Peter Mixalko. Foto: Meydan TV

Diplomat Venesiya Komissiyasının tövsiyələrinə əməl etməyi vacib sayır

Mayın 3-də Dünya Mətbuat Azadlığı Günü ilə bağlı Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko mətbuat konfransı keçirib.

O, Avropa İttifaqında insan hüquqlarının formalaşdırılmasında mətbuat azadlığının rolunun danılmaz olduğunu vurğulayıb.

Mixalko bildirib ki, bu dəyərlər cəmiyyətin ayrımaz hissəsidir:

İttifaqın xarici siyasət rəhbəri Jozep Borrel də bu yaxınlarda səsləndirdiyi bəyanatında insanların fikir azadlığına hər hansı müdaxilənin yolverilməz olduğunu bildirdi. İnsanlar müxtəlif mənbələr vasitəsilə infromasiyalara çıxış əldə etməlidirlər. Bu baxımdan medianın rolu çox vacibdir, çünki onlar faktları çatdırırlar. Eyni zamanda, müəyyən ideyaların formalaşdırılması üçün məkan təmin edir və debat mühiti yaradırlar. Medianın ən vacib rolu odur ki, çox mürəkkəb məsələləri insanların və cəmiyyətin əksəriyyətinin başa düşəcəyi dildə izah edə bilsinlər.  Buna görə də jurnalistikaya investisiyanın qoyulması çox faydalıdır”.

Peter Mixalko Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərində hər il inkişafın olduğunu qeyd edib:

İqtisadiyyat, energetika, ticarət və digər sektorlarda bu, nəzərə çarpacaq dərəcədə inkişaf edir. Avropa İttifaqı Azərbaycanda islahatları ən çox dəstəkləyən donor qurumdur. Biz Azərbaycanda modern standartları tətbiq etmək üçün bütün səylərimizi göstəririk. Təbii ki, qanunun aliliyi və medianın azadlığı da burda böyük rol oynayır. Təbii ki, biz Venesiya Komissiyasının yeni “Media haqqında” Qanunla bağlı tövsiyələrini hökumətin və tərəfdaşlıq etdiyimiz qurumların diqqətinə çatdırırıq. Çalışacağıq ki, həm qanunvericilikdə, həm də standartlarda bütün tövsiyələr öz əksini tapsın”.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın ən çox məhsul ixrac etdiyi tərəfdaşlardandır:

2022-ci ildə Azərbaycanın bütün dünyaya ixrac etdiyi malların 53 faizi Avropa İttifaqına ixrac olunub. Ticarət dövriyyəsi 2021-ci illə müqayisədə ötən il 2 dəfə artıb. Bu əməkdaşlığın daha da artmasına hər iki tərəfdən böyük maraq var. Bu il kənd yerlərinə internetin çəkilməsi üçün “Aztelekom”a 5 milyon avro vəsait ayrılıb. Eyni zamanda, 13 minə yaxın kiçik və orta sahibkara dəstəyimiz olub, nəticədə 2 mindən artıq iş yeri yaradılıb”.

İttifaqın Azərbaycan üçün investisiya proqramında 2 milyard avroluq layihədə 5 sahə üzrə təşəbbüsləri dəstəkləmək nəzərdə tutulub. Kiçik və orta sahibkarlıq üçün təxminən 25 minə yaxın müəssisəyə yardım ayrılacaq, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sahəsinə yatırımlar, “yaşıl enerji”yə, bərpa olunan enerji mənbələrinə də dəstək olacaq. Bundan başqa, Qarabağda bərpa fəaliyyəti ilə bağlı layihələrimiz olacaq. Avropa İttifaqı ərazilərdən minaların təmizlənməsi ilə bağlı ən böyük donor təşkilatdır, Azərbaycanda da bu dəstəyi göstərməkdə davam edəcəyik”, – deyə Mixalko fikrini tamamlayıb.

“Hökumətlə dialoqlarınızda Meydan TV, “Azadlıq” Radiosunun bloklanmasını qaldırırsınızmı?”  sualına Peter Mixalko belə cavab verib:

Peter Mixalko. Foto: Meydan TV

“Media azadlığı Azərbaycan hökumətilə apardığımız dialoqun bir hissəsini təşkil edir. Mən eyni zamanda, Medianın İnkişafı Agentliyində də olmuşam. Orada da bu məsələlər qaldırılıb. Sizin qeyd etdiyiniz suallar verilib. Bu sahədə inkişafın olmasını istəyirik. Qeyd etdiyim kimi, mətbuat azadlığı müasir, dayanıqlı cəmiyyətin ən əsas elementlərindən biridir. Mötəbər beynəlxalq təşkilatların rəyləri də bu qeyd etdiklərimi sübut edir”.

Diplomat jurnalistlərin Venessiya Komissiyasının mənfi rəyinə rəğmən “Media haqqında” Qanunun təsdiqlənməsi ilə bağlı  suala da cavab verib:

Elə bir mühit yaratmalıyıq ki, jurnalistlər sərbəst fəaliyyət göstərsinlər, heç bir şeydən asılı olmasınlar. Əldə etdikləri informasiya da düzgün olsun. Venesiya Komissiyasının tövsiyələləri, vurğuladığı məqamlar var. Medianın İnkişafı Agentliyi və digər qurumlarla görüşlərimizdə Venesiya Komissiyası və başqa mötəbər qurumların qeyd etdiyi tövsiyələri onların nəzərinə çatdırmışıq. Öyrənməyə çalışmışıq ki, Azərbaycan tərəfi bu tövsiyələri necə nəzərə ala biləcək. Necə dəyişiklik edə bilərlər. Mətbuat azadlığı heç bir halda, məhdudlaşdırılmamalıdır. Fikir azadlığı istənilən cəmiyyətdə fundamental hüquqdur. Biz media və vətəndaş cəmiyyətinin fəaliyyətində məhdudiyyətin olmasını istəmirik. Mötəbər beynəlxalq təşkilatların hesabatlarına istinad edirik. Mətbuat azadlığıyla bağlı indeks çap olunub və əvvəlki dövrlə müqayisədə Azərbaycanda geriləmə olub”.

Ana səhifəSiyasətPeter Mixalko: “Azərbaycanda media əvvəlki illərə nisbətən geriləyib”