Peter Maurer: Qırmızı Xaç Qarabağdakı missiyasının maliyyəsini 5 dəfə artırıb

“Regionda öz iştirakımızı xeyli genişləndirmişik”

Source: Qırmızı Xaç


“Regionda öz iştirakımızı xeyli genişləndirmişik”

Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer Moskvanın

“İzvestiya” qəzetinə

müsahibə verib.

O, Qırmızı Xaçın bu il Dağlıq Qarabağda öz missiyasının maliyyələşdirilməsini beş dəfə artıraraq 50 milyon dollara çatdırdığını söyləyib.

Peter Maurer həmçinin, bildirib ki, Qırmızı Xaç Komitəsi Bakı və Yerevan arasında hərbi əsirlərin mübadiləsinə kömək etməyə hazırdır: “Lakin saxlanılan şəxslərin statusu ilə bağlı mübahisəni Azərbaycan və Ermənistan özləri həll etməlidirlər. Hazırda büdcəmiz 27 il öncə olduğundan təxminən dörd-beş dəfə çoxdur. Əvvəllər isə təxminən 10-11 milyon dollar təşkil edirdi. İndi isə 50 milyon dollara yaxınlaşırıq və regionda öz iştirakımızı xeyli genişləndirmişik”.

Komitə sədri bildirib ki, hazırda onlar məcburi köçkünlərə, geri qayıdan adamlara kömək edirlə. Eyni zamanda, onlar üçün hər iki tərəfdən olan məhbuslara baş çəkmək və onların ailələrilə əlaqələrinin bərpasında iştirak da vacibdir: “Hərbi əsirlərin mübadiləsi prosesi necə keçir?“, – sualına isə Peter Maurer “irəliləyiş əldə edilib, əsirlər evlərinə qayıdırlar, amma hələ də bəzi məhbuslarla bağlı mübahisələr gedir: onlar hərbi əsirlər hesab olunurmu, onların statusu necədir və onlar qayıda bilərmi?” – deyə cavab verib.

“Qırmızı Xaç Azərbaycanda təxribatçı adlandırılanlara baş çəkirmi?“, – sualına cavabda isə Peter Maurer: “Bəli, Qırmızı Xaçın məhbuslara birbaşa çıxışı var. Azərbaycan hökuməti bizə məlumat verdi ki, statusla (saxlanılanların) bağlı Ermənistan tərəfilə fikir ayrılığı var. Bu problemi Bakı və Yerevan öz aralarında həll etməlidirlər. Biz öz təcrübəmizi bölüşə bilərik, nəsə məsləhət verə bilərik, lakin müvafiq hökumətlər statusu özləri müəyyənləşdirməli və yekun rəy verməlidirlər” – deyə, cavab verib.

Peter Maurer “Azərbaycanda ermənilər hansı şəraitdə saxlanılır?” sualına cavab verməkdən imtina edib: “Biz buna açıq qiymət vermirik, adamların saxlanma şəraitini qiymətləndirmək üçün baş çəkirik. Ancaq bildiyiniz kimi, bu, komitə üçün məxfi prosesdir. Biz müvafiq hakimiyyətlərə öz iradlarımızı bildirmək üçün regionda bütün hakimiyyətlərlə qarşılıqlı əlaqə saxlayırıq və hələlik, bundan artıq bir şey deyə bilmərəm”.

İyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana verib. Bunun müqabilində isə saxlanılan 15 nəfər Ermənistan vətəndaşı Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəXəbərlərPeter Maurer: Qırmızı Xaç Qarabağdakı missiyasının maliyyəsini 5 dəfə artırıb