Peskov: “Rusiya Qafqazda sülh, sabitlik və təhlükəsizliyin olmasında maraqlıdır”

Dmitri Peskov. Foto: Meydan TV

“Ermənistanın Avropa İttifaqına daxil olması onun suveren hüququdur, lakin iki müxtəlif təşkilatın üzvü olmaq mümkün deyil”

Rusiya “Azərbaycan Hava Yolları”ına (AZAL) aid sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı obyektiv və qərəzsiz araşdırmada maraqlıdır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Biz bu fəlakətin səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv və qərəzsiz araşdırma aparmaqda maraqlıyıq”.

“Rusiya müvafiq komissiyanın işinin nəticələrini və rusiyalı mütəxəssislər araşdırmaya kömək edir. Prezident Putinlə Prezident Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib. Bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi köməklik və əməkdaşlıq edilir. Prezident Putin üzr istəyib və təəssüf hissi keçirdiyini bildirib”, – Peskov vurğulayıb.

2024-cü il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsi Qroznı üzərində xarici təsirə məruz qaldıqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğrayıb.

Qəza nəticəsinə təyyarədə olan 67 insandan 38-i həlak olub.

Bundan sonra AZAL təhükəsizlik məqsədi ilə Ufa, Samara, Nijni Novqorod, Mineralnoe Vodı, Soçi, Volqoqrad, Qroznı, Vladikavkaz və Mahaçqala da daxil olmaqla, bir sıra Rusiya şəhərlərinə uçuşları qeyri-müəyyən vaxtadək dayandırıb.

Rusiya Prezidentinin mətbuat katibi həmçinin bildirib ki, Rusiya Qafqazda sülh, sabitlik və təhlükəsizliyin olmasında maraqlıdır:

“Moskva Bakı və Yerevanla münasibətləri bundan sonra da inkişaf etdirəcək. Cənubi Qafqaz Rusiya üçün uzaq region deyil. Biz Qafqazda sülh, sabitlik, proqnozlaşdırıla bilən, qarşılıqlı etimad və təhlükəsizlik mühiti istəyirik. Bizim həm Azərbaycan, həm də Ermənistanla öz yaxşı münasibətlərimiz var və biz bu əlaqələri yüksək qiymətləndiririk. Biz bu münasibətləri daha da inkişaf etdirmək üçün özümüzdən asılı olan hər şeyi etmək niyyətindəyik”.

Peskov Ermənistanın Avropa İttifaqına üzvlüyü prosesinin başlanması ilə bağlı qanun layihəsindən də danışıb.

“Ermənistanın Avropa İttifaqına daxil olması onun suveren hüququdur, lakin iki müxtəlif təşkilatın üzvü olmaq mümkün deyil. İki fərqli təşkilatın üzvü olmaq, hipotetik olaraq mümkün deyil. Əlbəttə, bu, Ermənistanın suveren hüququdur. Biz bilirik ki, Avrasiya İqtisadi İttifaqına üzvlük faydalıdır”.

Ermənistan hökuməti bu gün, yanvarın 9-da ölkənin Aİ-yə üzvlüyü prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Ana səhifəSiyasətPeskov: “Rusiya Qafqazda sülh, sabitlik və təhlükəsizliyin olmasında maraqlıdır”