Kreml rəsmisi deyib ki, üçüncü bir tərəfin Qafqazda mövcudluğuna yol verilməyəcək
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda baş verənlərə görə Moskvanı günahlandıranlara cavab verib.
“Rusiya Dağlıq Qarabağ ətrafındakı situasiyanın emosionallığını anlayır, lakin Moskva bu situasiyaya görə məsuliyyəti sülhməramlıların boynuna qoyulması cəhdinin qəti əleyhinədir”, – deyə Peskov jurnalistlərə açıqlamasında qeyd edib.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edərək deyib ki, Rusiya sülhməramlıları Azərbaycan Qarabağda hərbi əməliyyata başlamamış onun qarşısını ala bilərdilər və baş verənlərdə onların da məsuliyyət payı var.
“Biz bu məqamın nə qədər emosional olduğunu anlayırıq, lakin məsuliyyətin Rusiya tərəfinin, üstəlik, rusiyalı sülhməramlıların boynuna qoyulmasının qəti əleyhdarıyıq. Onlar ixtiyarlarında olan mandata uyğun şəkildə əsl qəhrəmanlıq nümayiş etdiriblər”, – Peskov bildirib.
O qeyd edib ki, heç kəs Rusiyanı günahlandıra bilməz:
“Heç kəs Rusiya sülhməramlılarını nəyisə düz etməməkdə günahlandıra bilməz. Biz heç vaxt bu cür qınaqlarla razılaşmarıq”.
Kreml nümayəndəsi eyni zamanda qeyd edib ki, Moskva tərəflərlə müxtəlif səviyyədə danışıqlara davam edir:
“Xüsusilə də bu xoşagəlməz günlərdə Ermənistanla təmasdayıq”.
O həmçinin xatırladıb ki, sentyabrın 20-i Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı baş tutub.
“Ermənistan bizim müttəfiqimiz, bizə yaxın dövlət olaraq qalır. Ermənilər bizə yaxın xalqdır. Bildiyiniz kimi, ölkəmizdə Ermənistanın özündən çox erməni yaşayır. Biz öz funksiyalarımızı yerinə yetirməyə, erməni tərəfi ilə, Paşinyanla dialoqa davam edəcəyik. Qarabağ sakinlərinin bütün hüquqlarının qorunması ilə bağlı işimizi də həmçinin. Mən Qarabağ ermənilərini nəzərdə tuturam”, – Peskov məsələni belə şərh edib.
Kreml rəsmisi Rusiyanın Əliyevlə Ərdoğanın görüşü ilə bağlı gözləntilərini də açıqlayıb:
“Moskva Qarabağda vəziyyətin nizamlanması ilə bağlı ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin xarici həmkarlarla, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlər bölgədə təhlükəsizliyin bərqərar olmasına, baş verənlərdən sonra Qarabağda həyatın normallaşmasına şərait yaradacaq”.
“Suveren ölkələrdir, onlar öz suveren hüquqlarını əməkdaşlığın inkişafına yönəldəcəklər. Biz Bakı ilə Ankara arasında necə sıx əlaqələrin olduğunu bilirik”, – Peskov qeyd edib.
Bununla yanaşı, o deyib ki, Moskva həmçinin həm Ankara, həm də Bakı ilə sıx əlaqədədir:
“Rusiya Qarabağ məsələsində üçüncü tərəfin vasitəçilik cəhdlərini alqışlayır. Yetər ki, bu cəhdlər boş-boşuna olmasın”.
“Ən əsası, vəziyyətin normallaşmasına yardım etməkdir. Və ən əsası hansısa üçüncü tərəfin heç bir vasitəçilik potensialı olmadan boş-boşuna cəhdlərinə, onların Qafqazda mövcudluğuna yol verməməkdir. Bu, çətin ki, situasiyaya kömək etsin”, – Kreml nümayəndəsi deyib.
O, bununla yanaşı, qeyd edib ki, əgər kimsə gərginliyi azalda bilərsə və Qarabağın erməni əhalisinin yeni reallığa inteqrasiyasına kömək edərsə, bunu sadəcə alqışlamaq olar.
“Amma bunun üçün bütün tərəflərin razılığı lazımdır”, – Peskov qeyd edib.
Sentyabrın 19-u Dağlıq Qarabağda vəziyyət növbəti dəfə kəskinləşib.
Bakıda növbəti hərbi əməliyyatlara başlayıb və erməni hərbçilərinin bölgədən çıxarılmasını tələb edib.
Yerevan Qarabağda erməni silahlı qüvvələrinin olmadığını bəyan edib və baş verənləri “geniş miqyaslı aqressiya” adlandırıb.
Rusiya münaqişə tərəflərini qan tökülməsini dayandırmağa və diplomatik danışıqlara qayıtmağa çağırıb.
Sentyabrın 20-i Azərbaycanın Müdafiə Nazirliyi Qarabağda əməliyyatların rusiyalı sülhməramlıların iştirakı ilə dayandırıldığını bəyan edib.