Pərviz Həşimli həmkarının ölümündən sarsılıb

“İndiyə qədər jurnalistlərə qarşı sui-qəsdlərin üstünün açılmaması başqa adamlarda jurnalistləri döymək stimulu yaradır”

Source:


“İndiyə qədər jurnalistlərə qarşı sui-qəsdlərin üstünün açılmaması başqa adamlarda jurnalistləri döymək stimulu yaradır”

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus jurnalist Pərviz Həşimli həmkarı Rasim Əliyevin ölümündən sarsılıb. Bu barədə vicdan məhbusu vəkili vasitəsilə Meydan TV-yə xəbər göndərib.

Pərviz Həşimli Rasim Əliyevi öz peşəsinin vurğunu kimi tanıdığını ifadə edib: “O, həmişə hadisələrin qaynar nöqtələrində olub. Təəssüf ki, Rasim Əliyevin ölümünə bir səbəb də cəmiyyətimizdəki cəzasızlıq mühitidir. Son 10 ildə Azərbaycanda jurnalistlərin döyülməsi ilə bərabər öldürülməsi halları var. Ancaq indiyə qədər jurnalistlərə qarşı sui-qəsdlərin üstünün açılmaması başqa adamlarda jurnalistləri döymək stimulu yaradır. Bu mənada Rasim Əliyevin faciəsi də jurnalistlərə qarşı sui-qəsdlərin üstünün açılmamasının nəticəsidir. Beləliklə, cəzasızlıq mühitindən istifadə edənlər müstəqil jurnalistlərə qarşı özbaşınalıq hərəkətlərinə yol verirlər”.

Jurnalist Pərviz Həşimlini 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tutub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərPərviz Həşimli həmkarının ölümündən sarsılıb