Pentaqon Ukrayna ilə bağlı məxfi sənədlərin sızmasını araşdırır

Foto: Pentaqon

“The New York Times” sənəd sızmasını “Moskva üçün böyük çevriliş” adlandırıb

Ukrayna ilə bağlı sızmış sənədlər deyir ki, bu ölkənin əks hücum üçün yetərli qədər döyüş sursatı, texnikası yoxdur.

ABŞ kəşfiyyatının sızan məxfi sənədlərindən gəlinən nəticəyə görə, Kiyev yazda Rusiya tərəfindən işğal olunmuş əraziləri geri qaytarmaq üçün gözlənilən əks-hücumdan ilkin məqsədləri üçün geri çəkilə bilər.

Sənədlərin çoxu bu ilin əvvəlində yayılıb.

Pentaqon və Ədliyyə Departamenti məsələni araşdırır.

Amerika rəsmiləri bildirib ki, düzdür, Ukraynanın hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarına çıxışında kritik zəifliklər var, lakin eyni zamanda, Rusiya ordusunda da əhəmiyyətli çatışmazlıqlar az deyil.

ABŞ-ın hər iki ölkənin ordusu ilə bağlı qiymətləndirmələrinin çoxu fevral və mart aylarına aiddir.

Sızdırılan sənədlərin birində Ukraynanın qarşıdan gələn əks-hücumunda yalnız cuzi uğur proqnozlaşdırılır.

Sənədə görə, Kiyevin strategiyası şərqdəki mübahisəli ərazilərin geri alınması, eyni zamanda, Rusiyanın Krıma olan quru körpüsünü qırmaq üçün cənuba doğru irəliləməkdən ibarətdir.

Sənəddə bildirilir ki, Rusiyanın müdafiəsi möhkəmdir.

Nəticədə Ukraynanın təlim və sursat təchizatındakı çatışmazlıqlarına dözüm gətirə biləcəklər. Bu da Ukraynanın irəliləyişini çətinləşdirəcək və hücum zamanı itkiləri daha da artıracaq.

Aprelin 10-da Pentaqon sözçüsü Chris Meagher rəsmilərin sızmanın əhatə dairəsini, miqyasını və təsirini və gələcəkdə oxşar hadisələrin qarşısını necə ala biləcəklərini müəyyən etmək üçün hərəkətə keçdiklərini açıqlayıb.

O, materialların doğruluğu ilə bağlı şərh verməkdən imtina edib.

Daha öncə ABŞ hökumətinin və NATO-nun Ukraynanın mümkün əks-hücumuna hərbi yardım planının detalları ilə bağlı sənədlər də sızmışdı.

ABŞ Müdafiə Departamentinin sözçüsü Sabrina Sinq ( Sabrina Singh) demişdi ki, Vaşinqtonda Ukraynaya silah təchizatının detalları olan sənədlərin sosial mediada peyda olmasını araşdırır.

Sızdırılan sənədlərdə batalyon tərkibi, digər həssas informasiya yer alıb.

“Sosial media postları haqda məlumatlardan xəbərimiz var, departament bu məsələni nəzərdən keçirir”, – Sinq vurğulayıb.

“The New York Times” sənəd sızmasını “Moskva üçün böyük çevriliş” adlandırıb, həmçinin bunun “Ukrayna və Birləşmiş Ştatlar arasında kəşfiyyat paylaşımına ziyan vuracağını” yazıb.

Ana səhifəDünyaPentaqon Ukrayna ilə bağlı məxfi sənədlərin sızmasını araşdırır