Vüqar Bayramov: ”Pensiya məbləğinin əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması məqsədə uyğun olardı”
“Gələn ay pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunacaq. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək”.
İqtisadçı Vüqar Bayramov belə deyir. Bildirir ki, bu ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur:
“Bununla belə, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Pensiya məbləğinin orta aylıq əmək haqqıdakı artıma deyil əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədə uyğun olardı”.
V.Bayramovun sözlərinə görə, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylıq əmək haqqıdakı artım gəlirlərin artımını tam ifadə edə bilmir.
“Digər tərəfdən, rəsmi statistikada əhalinin gəlirləri orta aylıq əmək haqqıya nisbətən daha yüksək faizlə artdığından bu indeksasiya zamanı pensiyaların daha çox artmasına imkan verə bilir”.
İqtisadçı deyib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında əhalinin gəlirləri 9.2 faiz artsa da, orta aylıq əmək haqqı cəmi 2.8 faiz çoxalıb.
“2018-ci ildə orta aylıq əmək haqqının 4 faiz artacağı gözlənilsə də, əhalinin gəlirləri 9 faizdən çox artacaq. Gələn il də orta aylıq əmək haqqı ilə əhalinin gəlirlərindəki artım arasında fərq var: artım uyğun olaraq 5.7 və 9.0 faiz proqnozlaşdırılır. Etiraf edək ki, 2018-ci ildə pensiyaya əlçatımlığın artırılması ilə bağlı bir sıra islahatlar həyata keçirildi. Aşağı pensiya alan 80 minə yaxın vətəndaşın pensiya məbləğinin gələn ildən orta hesabla 30 faiz artırılması da buna aid edilə bilər. Bu baxımdan, bu islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir”.