Pensiyaların gecikmə səbəbi: Pul çatışmazlığı, yoxsa texniki problem?

Foto: By Matej Kastelic/Shutterstock

Mütəxəssislər problemi nazirlikdə görür

“Anam müalicəsi üçün bankdan kredit götürmüşdü. İllərdir, pensiyalar ayın 15-ə qədər ödənilirdi. Bank da avtomatik olaraq pensiya köçən kimi pulunu tuturdu. Qrafik dəyişib, pensiyalar gecikir. Hər günə 1.20 AZN faiz cərimə hesablanır. Rəsmi qurumlar banklara onsuz da çətin durumda olan pensiyaçılarla bağlı gecikmə faizi hesablanmaması barədə müzakirə aparsın, ya da banklar yeni qrafik tətbiq etsin”.

Bunu jurnalist Razi Abasbəyli “Facebook” səhifəsində yazıb.

O bildirib ki, pensiyaların ödəniş qrafikinin bir neçə aydır dəyişməsi, gecikməsi əlavə cərimələrin yaranmasına səbəb olub:

Foto: Razi Abasbəylinin şəxsi arxivindən

“Onsuz da pensiyasının yarıdan çoxunu müalicəsi üçün kreditə ödəyən valideynlərimiz bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Bu mövzunu diqqətdə saxlayaq. Bütün ölkə boyu narahatlıq var”.

Son bir neçə ayda ölkə üzrə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin verilməsi qrafiki dəyişdirilib.

Günlər üzrə verilmənin dəyişdirilməsi əhali arasında narazılığa, narahatlığa səbəb olub.
Vətəndaşlar bir neçə günlük gecikmənin kredit borclarının yaranmasına, hətta lazımi müalicənin davam etdirilməsində fasilələrin yaranmasına qədər müxtəluf problemlərə gətirib çıxardığını deyirlər.

COP29. Foto: Reuters

Sosial şəbəklərdə də narazılıqlarını bildirən bəzi vətəndaşlar gecikmələri Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ilə əlaqələndiriblər.

Deputat Fazil Mustafa sosial ödənişlərin (pensiya, təqaüd və s.) gecikdirilməsinin COP29-la əlaqədar olmadığını bildirir.

“Gecikdirilmənin səbəblərini bilmirəm, amma hər halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir. Bunun COP29-la əlaqəli olduğunu düşünmürəm”, – deputat Meydan TV-yə deyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili isə reqlamenti əsas gətirir.

Rəşad Mehdili. Foto: “vergiler.az

“Müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir. Təcrübədə pensiya ödənişlərinin növbəti aya keçməsinə, yəni gecikməsi halına rast gəlinməyib”, – Rəşad Mehdili bildirir.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli gecikmələrin texniki məsələlərlə əlaqəli olduğu ehtimalını irəli sürür:

“Burada hansısa maliyyə çatışmazlığından söhbət gedə bilməz. Bu, birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz günahıdır. Bu ilin əvvəlində təqaüdlərin 10 faiz artırılması ilə bağlı qərar verildi. Maliyyə Nazirliyində bu günə qədər ayrılmış vəsaitin bölüşdürülməsi, vaxtlı-vaxtında ödənilməsi ilə bağlı əməkdaşlıq, məktub yazışmaları olmalı idi. Məntiqlə düşünəndə, belə çıxır ki, ilin sonuna yaxın artırılmış hissə nəzərə alınmadan ayrılmış vəsait əlavələri köçürülməyib deyə vəsait bitir”.

Natiq Cəfərli
Foto: Natiq Cəfərlinin arxivindən

“Bitən anda da yenidən müraciət olunur. Maliyyə Nazirliyi yenidən həmin vəsaitin ayrılması ilə bağlı qərarlar verir və beləcə texniki problem uzanır. Olan da vətəndaşa olur. Bu, dövlət orqanlarının vaxtlı-vaxtında öz kommunikasiyasını normal və yüksək səviyyədə qura bilməməsindən yaranan bir problemdir. Nəticədə sosial yardım alanlar, pensiyaçılar və təqaüdçülər bundan ciddi şəkildə əziyyət çəkirlər”, – Natiq Cəfərli deyir.

İqtisadçı Rəşad Həsənov DSMF-nin günlərlə bağlı açıqlamasını tutarlı hesab etmədiyini deyir. Hesab edir ki, gecikmələrin səbəbi texniki məqamlarla əlaqədardır:

“DSMF-nin 6 aylıq icrasının nəticələrində görünür ki, gəlirlər proqnozla müqayisədə daha artıq yerinə yetirilib. Həmçinin dövlət büdcəsinin özünün xərclərinin icrasında (Fondun gəlirlərinin bir hissəsi də dövlət büdcəsinin transferləri hesabına formalaşır-red.) da heç bir problem yoxdur. Hətta proqnozla müqayisədə dövr üzrə xərclər 0,3 faiz artıq icra olunub. Düşünürəm ki, gecikmələr xəzinədarlıqla əlaqədardır. Hər hansı bir texniki məqam var. Böyük ehtimalla DSMF hansısa texniki məsələlərlə əlaqədar ödəniş tapşırıqlarını zamanında təqdim etmir”.

Rəşad Həsənov foto sosial şəbəkə
Rəşad Həsənov. Foto: şəxsi arxivindən

İqtisadçı deyir ki, Fond gecikmələrlə əlaqədar mütləq əhaliyə əvvəlcədən xəbərdarlıq etməlidir.

“Əvvəlcədən açıqlasalar ki, bu ay filan səbəblərdən bir neçə gün sayı qədər gecikmə olacaq, insanlar arasında da narahatlıq, ajiotaj yaranmaz. İstənilən halda gecikmə çox ciddi problem yaradır. Çünki pensiyaçılar, sosial müavinət, təqaüd alanlar, demək olar ki, yoxsul sosial qruplardır. Bu insanlar üçün nəinki hər günün, hətta hər saatın belə əhəmiyyəti var. Eyni zamanda bu insanlar uzun müddətli bütün maliyyə planlamalarını, büdcə xərclərini qrafikini alacaqları günə uyğunlaşdırıblar”, – Rəşad Həsənov bildirib.

Ana səhifəSosialPensiyaların gecikmə səbəbi: Pul çatışmazlığı, yoxsa texniki problem?