Pensiyaçılara kreditlərin verilməsinin məhdudlaşdırılması “Kapital Bank” ASC-nin maliyyə göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Bunu “APA-Economics”ə açıqlamasında “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev deyib.
“Maliyyə Bazarlarına Nəzarət Palatası banklara belə bir tövsiyə verib. Yəqin ki, vaxt gələcək, bu kimi problemlərdən çıxış yolu ilə bağlı bizimlə məsləhətləşəcəklər. Mən başa düşürəm ki, təqaüdçülər kreditlər üzrə ödəniş etdikdən sonra onların sərəncamında qalan pulla yaşamaq mümkün deyil. Amma hesab edirəm ki, hansısa bir ortaq məxrəcə gəlinməlidir, hansısa bir forma tapılmalıdır. Çünki pensiyaçıların bu vəsaitə əlçatanlığı mütləq olmalıdır”, – deyə R. Allahverdiyev qeyd edib.
Ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatası pensiyaçılara kreditlərin verilməsinin məhdudlaşdırılması ilə bağlı kredit təşkilatlarına tövsiyə verib.