Pensiyaçı: Hamımız nümayiş etmək istəyirik

Pensiyaya çıxacağı günü iplə çəkənlər hələ bir müddət də gözləməlidirlər.

“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərlə qadınlar və kişilər 65 yaşında  pensiyaya çıxacaqlar. Pensiya yaşı kişilər üçün 2021-ci ilədək, qadınlar üçünsə 2027-ci ilədək hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı 65-ə çatacaq.

Hazırki qanunvericiliyə görə qadınların pensiya yaşı 60, kişilərdə isə 63-dür. Təkliflərdə həmçinin pensiyaların baza hissələrinin ləğv olunması, 110 manat minimum pensiya məbləğinin müəyyən olunması da yer alıb.

İqtisadçı Qadir İbrahimli deyir ki, hökumət büdcənin xərclərini vətəndaşın hesabına azaltmaq istəyir. Ancaq iqtisadçı hesab edir ki, bu qanun layihəsi çıxış yolu deyil.

“Necə ola bilər ki, vətəndaş 40-50 il vergi ödəyicisi olur və onun təqaüdə çıxmaq imkanları mürəkkəbləşdirilir? Yəni onsuz da Azərbaycandakı sosial mühit normal deyil. Azərbaycan vətəndaşı bütün hallarda sosial müdafiə sistemindən kənardadır. Təhsildən tutmuş səhiyyəyə qədər bütün xərclər vətəndaşın hesabına həyata keçirilir. Belə bir halda, adi bir nominal pensiyanı da vətəndaşa çox görürlər. Bu, çox absurddur. Mən hesab edirəm ki, bu sosial mühiti bir az da pisləşdirəcək. Ölkədə əlavə sosial gərginlik ocaqları yaradacaq”.

Təklif olunan layihədə hakimlərdən pensiyaya çıxmaq üçün 15, prokurorluq işçilərindən isə 35 il iş stajı tələb olunacaq. Hazırda qüvvədə olan qanunvericiliyi görə, pensiyaya çıxmaqdan ötrü hakimlərə 5, prokurorluq işçilərinə isə 25 il iş stajı kifayət edirdi. Qadir İbrahimlinin fikrincə, bu dəyişiklik hüquq-mühafizə sistemində yenilənmənin qarşısını alacaq.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli pensiya yaşının qaldırılmasını insanların ömrünün uzanması ilə əlaqələndirib. Deputat vurğulayıb ki, müəllimlər, həkimlər onlarla qırğın edirlər ki, gümrahıq, işləyə bilərik. Amma siz bizi pensiyaya çıxardırsınız.

“Biz qadınlara orta hesabla 78.5 yaşına qədər pensiya veririk. Amma bizim hesablamamızla pensiya haqqını ödəmə 12 il müddətinə verilməlidir. Yəni, qadın 72 yaşına qədər pensiya almalıdır. Biz yuxarı yaş həddini müəyyən edə bilmədiyimizə görə pensiyaya çıxma yaşını artırıb 65 edirik. Yəni, qadınların pensiya yaşı 65-ə çatdıqdan sonra onlar minimum 12-13 il pensiya alacaqlar”.

BMT 2014-cü ildə insan inkişaf hesabatında Azərbaycan üzrə orta yaş həddinin 70 olduğunu açıqlayıb. Dövlət Statistika Komitəsinin  rəqəmlərində  isə 2015-ci ildə orta yaş həddinin 75 olduğu vurğulanıb.

Bu layihə keçsə, 2017-ci il iyulun 1-dən tətbiq olunacaq. Bəs pensiya yaşının artırılması Bakı sakinlərinin ürəyincədirmi?

Ana səhifəVideoPensiyaçı: Hamımız nümayiş etmək istəyirik